Türkiyədə texnologiya festivalı


Dünya 25 Sen 2020 19:34:00 175 0

Türkiyədə texnologiya festivalı

Biz Azərbaycanı özümüzdən ayırmırıq. Sənaye və Texnologiya Nazirliyi Azərbaycanla elm və texnologiya sahəsində əməkdaşlıq etmək istəyir.

Son.az bildirir ki, bunu APA-ya Türkiyənin Qaziantep şəhərində keçirilən Havaçılıq, Kosmos və Texnologiyalar Festivalında (TEKNOFEST) bu ölkənin Sənaye və Texnologiya naziri Mustafa Varank deyib.

Nazir bildirib ki, Türkiyədə keçirilən festivala Azərbaycan da dəstək verir. M. Varank qeyd edib ki, TEKNOFEST təkcə Türkiyə üçün deyil, dost və qardaş ölkələr üçün də nəzərdə tutulub: "Bizim burda məqsədimiz texnologiyanın nə qədər önəmli olduğunu göstərməkdir, elmi, yeni texnologiyaları yaymaqdır. Təbii ki, dost və qardaş ölkələrdən də heyətlər qəbul edirik, məlumat mübadiləsi aparırıq. Keçən il İstanbulda keçirilən TEKNOFEST-ə 120 ölkə qatılmışdı. Azərbaycandan da yarışmalara qatılanlar oldu".

Nazir bildirib ki, TEKNOFEST-ə tələb gündən-günə artır, bu səbəbdən də İstanbuldan başqa, Türkiyənin başqa şəhərlərində də bu festivalın təşkilinə qərar verilib: "Tuz gölündə raket yarışlarımız olur, Kocaelində yeni texnologiya ilə istehsal olunmuş avtomobil yarışları keçirilir".

M. Varankın bildirdiyinə görə, bu il keçirilən tədbirdə iştirakçılar arasında azərbaycanlılar olsa da, festivalda onlardan finala çıxan olmayıb.

Türkiyədə "Baykar" Şirkətinin rəhbəri və T3 Vəqfinin İdarə Heyətinin sədri Selçuk Bayraktarın bildirdiyinə görə, ümumilikdə bu il yarışda 84 ölkədən 21 fərqli sahə üzrə 100 mindən çox iştirakçı qeydiyyatdan keçib: "İki il öncə 20 min, keçən il 50 min müraciət vardı, bu il 100 mini keçdi".

S. Bayraktar TEKNOFEST yarışlarından sonra Türkiyədə texnologiyalar sahəsində yerli istehsalda sürətli artım olduğunu bildirib: "Akınçı" pilotsuz uçuş aparatı 2019-cu ildən səmalardadır, bu ilin sonuna qədər tam hazır olacağını gözləyirik. "Cezeri" uçan maşın da uçuşunu etdi. Gələcəyin avtomobili olan "Cezeri"dən artıq öz prototiplərini hazırlayacaq hala gəldik. Bu festivalda da uçan maşın yarışımız var. Milli və yerli əsərlərə etibar gün-gündən artır".