Dünyada hər 5 dəqiqədən bir 100 nəfər AXOXdan ölür


Dünya 25 Sen 2020 19:19:00 180 0

Dünyada hər 5 dəqiqədən bir 100 nəfər AXOXdan ölür

"Ağciyərlərin xroniki obstruktiv xəstəliyindən (AXOX) dünyada hər 5 dəqiqədən bir 100 nəfər, il ərzində isə 3 milyondan artıq insan dünyasını dəyişir. Əsas səbəbi tütünçəkmə olan bu xəstəlikdən hazırda yer kürəsində ən azı 70 milyon nəfər əziyyət çəkir. ÜST-nin proqnozuna görə, 2030-cu il üçün dünya üzrə ölüm cədvəlində AXOX 3-cü yeri tutacaq".

Son.az qafqazinfo-ya istinadən bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov 25 sentyabr Dünya Ağciyər Günü ilə bağlı müsahibəsində bildirib. O, qeyd edib ki, yaranmasının əsas səbəbi tütünçəkmə olan ağciyərlərin xroniki obstruktiv xəstəliyi səbəbindən ölüm göstəriciləri hazırda artmaqdadır. Ölkəmizdə də xroniki ağciyər xəstəliklərinin rastgəlmə tezliyi dünyada olan müvafiq göstəricilərə uyğun olaraq dəyişir. Dövlət səviyyəsində tütünçəkmə ilə nə qədər mübarizə aparılsa da, vətəndaşlar bir çox hallarda bu zərərli vərdişdən əl çəkmək istəmir.

Həkim əlavə edib ki, son illər xüsusilə qadınlar arasında tütünçəkənlərin sayının artması məyusedici faktordur.

R. Bayramov ağciyərlərin xroniki xəstəlikləri arasında bronxial astma və vərəmin də çox aktual olduğunu qeyd edib: "Doğrudur, son illər vərəmə yoluxma, xəstələnmə və ölüm göstəricilərində nisbətən azalma və ya stabilləşmə müşahidə olunsa da, dərmanlara rezistent vərəmin artması ciddi bir məsələ olaraq qalır".