Məktəblərdə koronavirusla mübarizə üçün dəstək komandaları yaradılıb


Digərləri 24 Sen 2020 15:56:00 152 0

Məktəblərdə koronavirusla mübarizə üçün dəstək komandaları yaradılıb

"Məktəblinin dostu" layihəsi çərçivəsində pandemiya ilə əlaqədar məktəblərdə xüsusi nəzarət tədbirləri davam etdirilir. Sözügedən layihə ilkin olaraq şagird sayı çox olan məktəblərə şamil edilib.

Təhsil Nazirliyindən Son.az-a verilən məlumata görə, məktəblinin dostları tərəfindən təhsil müəssisəsində sıxlığın tənzimlənməsi məqsədilə məktəbə giriş və çıxış qaydalarına xüsusi nəzarət olunur, şagirdlərin, məktəb kollektivinin, məktəbə daxil olan hər kəsin hərarətinin ölçülməsi, dezinfeksiya vasitələrindən istifadənin təmin edilməsi, eləcə də simptomları olan şəxs və onunla ünsiyyətə girmiş digər şəxslərin müəyyənləşdirilməsində məktəb heyətinə dəstək göstərilir.

Məktəblinin dostları şagirdlər arasında COVID-19 infeksiyasından qorunmaq üsulları ilə bağlı maarifləndirmə işinin aparılmasına da köməklik göstərirlər.

Bildirək ki, Bakı, Abşeron və Sumqayıt üzrə sıxlıq müşahidə edilən məktəblərdə koronavirusla bağlı zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə "Məktəblinin dostu" və "Bir" tələbə-könüllü layihələri üzrə dəstək komandaları təşkil edilib. Ümumilikdə, 300 məktəblinin dostu və 700 könüllü işə cəlb olunub. Komandalar Bakı şəhəri üzrə 186, Sumqayıt şəhəri üzrə 20, Abşeron rayonu üzrə 20 məktəb olmaqla, ümumilikdə 226 ümumi təhsil müəssisəsində fəaliyyət göstərir.