İmkanlı adamların qarajlarında saxladığı


Digərləri 23 Sen 2020 17:59:00 270 0

İmkanlı adamların qarajlarında saxladığı

Son iki gündə sosial şəbəkələrdə mülki vətəndaşların "pick-up" ban növlü avtomobillərinin yol polisi tərəfindən yığılması və hər an başlaya biləcək döyüşlərdə istifadə olunacağı haqda məlumatlar yayılıb.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Son.az-a açıqlamasında bildirib ki, müharibə dövründə mülki şəxslərin yolsuzluq şəraitinə uyğun istənilən model avtomobili onlardan alına bilər:

"Qanunvericilikdə bu barədə ətraflı yazılıb. Sadəcə olaraq orada heç vaxt avtomobillərin modeli göstərilməyib ki, hansı model avtomobillər saxlanılıb gətirilməlidir, onlar döyüşə cəlb olunmalıdır, döyüş bölgələrində istifadə edilməlidir. Ümumilikdə yazılır ki, yüksək keçid qabiliyyətinə malik, yolsuzluq şəraitinə uyğun olan avtomobillərdən istifadə edilməlidir. "Hummer" özü ilk dəfə məhz hərbi təyinatlı avtomobil istehsalına başlayıb. O avtomobillər hamısı hərbi məqsədlər üçün istehsal olunub, istifadə olunub və sonradan dizaynda bir az dəyişiklik edilib, onu mülki şəxslərin də əldə edə biləcəyi bir avtomobilə çeviriblər. "Mercedes"in istehsal etdiyi AMG modelləri müəyyən qədər yolsuzluq şəraitinə tab gətirir. Amma bu gün hələ heç kimin maşınını döyüşə aparmırlar. Bu, sadəcə qeydiyyata alınan nəqliyyat vasitələridir. Ola bilsin ki, haradasa qaydalarda müəyyən bir boşluq olub, vaxtında bunu qeydiyyata almayıblar və bu gün qəflətən belə bir məsələ çıxır ortalığa. Ola bilsin ki, aidiyyatı qurum başqa bir aidiyyatı quruma müraciət edir ki, mənə məlumat verin görək bizim hərbi təyinatlı nə qədər nəqliyyat vasitəmiz var, döyüş bölgəsində lazım olsa bizə neçə nəqliyyat vaitəsi kömək edə bilər. Və birdən-birə məlum olur ki, bunun "uçot"u yoxdur, indiyə qədər olmayıb. Ona görə də bu qeydiyyatın aparılması üçün bu avtomobillər saxlanılır, duracağa qoyulur ki, orada texniki parametrlər yoxlanılsın - əlverişlidir, yoxsa yox. Köhnə sınıx-salxaq maşını kimdir döyüşə aparan?! Sadəcə qeydiyyata alır, sonradan onu yenə də vətəndaşa qaytarırlar.

Mən yol polisləri ilə sıx əməkdaşlıq şəraitindəyəm deyə bu işin maraqlı tərəflərini də görürəm, yaxşı cəhəti odur ki, insanlar var özü gəliblər Azneft meydanında, digər yerlərdə yol polisi əməkdaşlarına yaxınlaşıb açarı təqdim edirlər ki, "Maşın sizə qurbandır. Hara deyirsiniz sürüb aparın. Qaytaranda da zəng edib yerin deyərsiniz gedib götürərik". Bu cür insanlar da var, qeyrətli oğlanlarımız var. İki gün qabaq bir nəfər gəlib cərimə meydançalarından birinin qarşısında dayanıb ki, "Maşında bir kisə pul var. Mənim maşınım düzdür "pick-up" deyil, haradan deyirsiniz gedək alım verim orduya". Orada biri gəlib səs-küy salıb ki, "Mənim çörək maşınımdır". Çağırıb ki, "Qardaş, maşınının pulu nə qədərdir mən verirəm. Maşına dəymə, qoy qalsın burada. Bu maşını ver dövlətə". Belə nümunələri də danışmaq lazımdır, bunları da üzə çıxarmaq lazımdır ki, halal olsun, həqiqətən belə insanlarımız var. Gətirib öz maşınını könüllü şəkildə verir. Tək-tük adamlar ola bilər ki, qaça, yayına. Belələri bütün dövrlərdə olub. Amma nəzərə almaq lazımdır ki, bu maşınlar döyüş bölgəsinə aparılsa, o zaman dövlət bunun pulunu ödəyəcək. Burada belə bir şey yoxdur.