"Aprel döyüşlərindən daha böyük əməliyyatlar baş verə bilər"


Siyasət 23 Sen 2020 16:35:00 121 0

"Aprel döyüşlərindən daha böyük əməliyyatlar baş verə bilər"

"Ermənilərin boş-boş vədlərinə inanmaq olmaz"

"Bu açıqlamanın səbəbi müharibə qorxusudur". 

Bunu Son.az-a "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanın ötən gün etdiyi "Ermənistan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları istənilən an bərpa etməyə hazırdır" açıqlamasını şərh edərkən deyib.

Politoloq qeyd edib ki, ermənilər hesab etməsinlər ki, onların təxribatlarına hər dəfə məhdudlaşdırılmış şəkildə cavab verəcəyik:

"Düzdür, Ermənistan tərəfi Azərbaycanı təxribata sürükləyir, həm sərhəddə, həm təmas xəttində müxtəlif təxribatlar törədir. O təxribatlar əslində daha çox digər ölkələri Ermənistan tərəfindən münaqişəyə cəlb etmək, eyni zamanda daxili auditoriyaya hesablanıb. Ermənilərin bu oyunları təhlükəli oyunlardır, çünki onlar odla oynayırlar. Bu oyunların davamı Ermənistana heç bir müsbət şey verə bilməz. Onlar elə hesab etməsinlər ki, biz bu təxribatlara hər dəfə məhdudlaşdırılmış şəkildə cavab vercəyik. Bu belə deyil. Regionda ermənilərin əməllərinə görə müharibə abu-havası yaşanır. Əslində, alovla oynamaq əslində ermənilərə baha başa gələ bilər. Onlar inanmırdılar, düşünürdülər ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) onlara dəstək verəcək, Rusiya dəstək verəcək və beləliklə KTMT və Rusiyanın arxasında gizlənərək yenə də Azərbaycanı təxribata sürükləyəcək, təzyiq göstərəcək. Amma bu belə olmadı".

İ.Vəlizadə bildirib ki, rəsmi İrəvan 2016-cı ilin Aprel döyüşlərindən daha böyük miqyasda əməliyyatlar baş verə biləcəyindən qorxduğu üçün danışıqları bərpa etmək istəyir:

"Prezidentimizin son bəyanatları, Azərbaycan və Türkiyə qoşunlarının hərbi təlimləri və ümumiyyətlə Azərbaycanda gedən hərbi hazırlıq erməniləri qorxutdu. Eyni zamanda da onlar gördülər ki, istər KTMT, istərsə də Rusiya onlara açıq dəstək vermirlər və inanmıram ki, gələcəkdə də açıq dəstək verəcəklər. Ermənistana risqlər çoxalıb. Qorxurlar ki, 2016-cı ilin Aprel döyüşləri təkrarlanar və daha böyük miqyasda əməliyyatlar baş verə bilər. Bu da son nəticə etibarı ilə Paşinyanın və onun hakimiyyətinin "səhnədən" getməsinə gətirib çıxaracaq. O xof onları yenə də danışıqlar masasına gəlməyə məcbur edir, amma iş orasındadır ki, danışıqlar prosesi yenə yalnız vəziyyəti nəzarətdə saxlamaq və həll yolunu uzatmağa hesablanıb. Biz bunu bilirik, görürük. Ona görə də, bu, çox gecikmiş bir addımdır. Konstruktiv danışıqlara getmək istəsəydilər çoxdan gedərdilər. Çox güman ki, artıq gecdir. Amma yenə də danışıqlar prosesində gündəlikdə yeni bir şey olsa və Azərbaycan tərəfi görsə ki, ermənilər bunu məsələni uzatmaq üçün etmirlər və Minsk Qrupu olsun, hansısa başqa bir beynəlxalq təşkilat olsun nəticə etibarı ilə bizə hansısa bir təminat versə ki, bu danışıqlar prosesi məhsuldar olacaq, onda bəlkə də danışıqlara getmək olardı. Amma yenə də boş-boş vədlərə inanmaq düzgün olmaz".

Təhməz Əsədov Son.az