Şəmkirdə təhlükəli tapıntı FOTO


Digərləri 23 Sen 2020 09:22:00 141 0

Şəmkirdə təhlükəli tapıntı  FOTO

Sentyabrın 22-si saat 19:10-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Şəmkir rayonu, Aşağı Seyfəli kəndi ərazisində 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Son.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Şəmkir rayon Polis Şöbəsinin və "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyasının Şəmkir Regional Mərkəzinin (113 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə yol kənarına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd təlim məqsədli 100 mm-lik top mərmisi (PBR-412) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmilərinin ətrafında 200 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar - 22 sentyabr 2020-ci il tarixlərində 283 siqnal (əməliyyat çağırışı) əsasında 254 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Hacıqabul, Xaçmaz, Xızı, Xocavənd, İmişli, Qazax, Quba, Oğuz, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərləri ərazisində 30 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbirstanlığa, çay sahilinə baxış keçirilib, 538 ədəd partlamamış hərbi sursat (PHS), 17 ədəd piyada əleyhinə mina, 25 ədəd tank əleyhinə mina və 18 746 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilib, 91 960 kv.m ərazi yerüstü və 14 986 kv.m ərazi yeraltı yoxlanılıb.