Cəbhəyanı bölgələrdə kommunal ödənişlərə güzəşt təklif edilir


Digərləri 22 Sen 2020 15:47:00 135 0

Cəbhəyanı bölgələrdə kommunal ödənişlərə güzəşt təklif edilir

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Arzu Nağıyev təklif edib ki, cəbhə xəttində yerləşən kəndlərdə kommunal xidmətlərin qiymətləri aşağı salınsın. Deputat bildirib ki, təmas xəttində yerləşən bölgələrlə Bakıdakı kommunal xidmət qiymətləri eynidir. O təklif edir ki, cəbhə bölgəsində kommunal qiymətlər hazırki tarif qiymətləri ilə müqayisədə ən azından yarıbayarı azaldılsın.

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, Füzuli rayonunun millət vəkili Vüqar Bayramov da belə bir güzəştin olmasının tərəfdarıdır. Millət vəkili Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, təmas bölgəsində yerləşən kəndlərin sakinləri üçün daha ucuz və aşağı tariflərin müəyyənləşməsi məqsədəuyğun olardı: "Qanunvericiliyə əsasən ölkə ərazisində tariflər regionlardan asılı deyil. Amma təmas xəttində yerləşən vətəndaşlarımızın mütəmadi olaraq erməni təxribatı ilə üz-üzə olduğunu, bu ərazilərdə tez-tez atəşkəsin pozulduğunu nəzərə alsaq, bu bölgələrdə yaşayan vətəndaşların xərclərinin azaldılması üçün güzəştlərin, güzəştli tariflərin müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Çünki nəticə etibarı ilə bu amil onların ailə xərclərinin azalmasına gətirib çıxara bilər. Dövlət büdcəsi tərəfindən həmin xərclərin bir hissəsinin subsidiya edilməsi mümkündür. Bundan başqa, eyni zamanda nəzərə almaq lazımdır ki, hazırda təmas xəttində yerləşən iki rayon - Füzuli və Ağdamda yaşayanların məcburi köçkün siyahısı var ki, onlar kommunal xidmətlərin ödənilməsi üçün dövlətdən maliyyə dəstəyi alırlar. Bu bölgədə yaşayan vətəndaşlar dövlətin maliyyə dəstəyindən istifadə edirlər".

Ümumiyyətlə, mövcud durumu necə qiymətləndirmək olar?

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Fikrət Yusifov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya ilə əlaqədar olaraq bir çox insanların ödəmə qabiliyyəti aşağı düşüb. Təbii olaraq bu amil cəbhə bölgəsində yaşayanlara da təsirsiz ötüşməyib. Mərkəz rəhbəri belə hesab edir ki, əhalinin xüsusən də bu təbəqəsinə güzəştlər olmalıdır:

"Pandemiya ilə əlaqədar olaraq ailə büdcələrinə toplanan gəlirlər kifayət qədər azalıb. Xüsusilə də cəbhə bölgəsində vəziyyət bir qədər də mürəkkəb olub. Buna görə də təklif etmişdim ki, işsizliyin artması, ailə büdcəsi gəlirlərinin azalması səbəbi ilə bu təbəqədən olan insanlara güzəştlər tətbiq edilsin. Yəni, bu güzəştlər yalnız kommunal xidmətlərlə bağlı olmamalıdır. Bu baxımdan düşünürəm ki, qonşu ölkələrin də təcrübəsindən yararlanmaq olar".

"Məsələn, xidmətlər üzrə yığılmış borcları müəyyən dövr üçün silmək, yaxud da hər-hansı formada güzəştləri tətbiq etmək olar. Lakin mən ümumiyyətlə bu ödənişlərin silinməsinin tərəfdarıyam. Yəni, bu şəxslərə 50 faiz güzəşt olunsa belə, onun ödəmə qabiliyyəti yoxdursa, bu o deməkdir ki, borcunu 100 faiz olaraq ödəyə bilməyəcək", - həmsöhbətimiz əlavə edib.

F.Yusifov deyir ki, xüsusən də elektrik, işıq, su və qazla bağlı yığılan borcların silinməsi mümkün olar: "Düşünmürəm ki, müəyyən məbləği silməklə həmin qurumlar böyük ziyanla qarşılaşacaqlar. Çünki onların rezervləri var".

F.Yusifov deyir ki, cəbhə bölgəsində kommunal xərclərlə bağlı differensial yanaşma olmalıdır: "Çünki cəbhə bölgəsində durum bir qədər fərqlidir. Bu ərazilərdə yaşayan şəxslər müəyyən güzəştləri daha çox almalıdırlar. Pandemiya və pandemiyadan sonrakı dönəmdə də bu yanaşma olmalıdır".

Ümumiyyətlə, bu gün cəbhə bölgəsində əhalinin ödəniş qabiliyyəti necədir, borcluların sayı nə qədərdir və qurumlar tərəfindən Tarif Şurasına müraciət nəzərdə tutulurmu?

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirib ki, cəbhə bölgəsi ilə bağlı hazırda hansısa problem yoxdur: "Yəni cəbhə bölgələrinin abonentləri tərəfindən sərf olunan qazın dəyəri vaxtında ödənilir. Müəyyən xırda problemlər olsa da, onlar da qısa zamanda qaydasına düşür. Ümumiyyətlə, abonentlərimiz istifadə etdikləri qazın ödənişini həyata keçirtməkdə aktivdirlər".