"Bu mesaj İlham Əliyevin qlobal viziona sahib olan siyasi lider obrazının bütün cizgilərini ortaya qoyur"


Siyasət 22 Sen 2020 14:48:00 124 0

"Bu mesaj İlham Əliyevin qlobal viziona sahib olan siyasi lider obrazının bütün cizgilərini ortaya qoyur"

Prezident İlham Əliyev həm Qoşulmama Hərəkatının sədri, həm də Azərbaycanın dövlət başçısı kimi çıxışında bu gün bütün bəşəriyyəti narahat edən, ciddi çağırışlar qarşısında qoyan məsələlərə diqqət çəkib və BMT-də ciddi islahatların aparılmasının labüdlüyünü bildirib.

Bunu Son.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, siyasi ekspert Elçin Mirzəbəyli deyib.

O bildirib ki, Azərbaycan Prezidentinin öz çıxışında ətraflı söz açdığı və çıxış yollarını göstərdiyi bu problem hazırda dünyanın ən əsas problemlərindən biridir:

"Məlum olduğu kimi BMT və onun strukturları, o cümlədən BMT Təhlükəsizlik Şurası İkinci Dünya müharibəsinin nəticələrinə uyğun olaraq formalaşıb. Lakin ötən 75 il ərzində dünya kifayət qədər dəyişib, soyuq müharibədən, birqütblü dünya mərhələsindən keçib. Bu gün bəşəriyyət nəinki 75 il, hətta bir neçə il bundan öncəki dünya deyil. Dünya birqütblü olmaqdan çıxsa da, hələlik digər geosiyasi qütblərin tam formalaşması və nüfuz sərhədlərinin müəyyənləşməsi prosesi başa çatmayıb və bu proses kifayət qədər ağrılı keçir. Bu baxımdan, BMT-nin də mövcud reallıqlara uyğun, çevik, ədalətli qərarların qəbul edilməsinə imkan verən mexanizmləri olmalıdır. Əks təqdirdə, BMT-ni də Millətlər Liqasının aqibəti gözləyə bilər.

Azərbaycan Prezidentinin diqqət çəkdiyi digər önəmli məqam qlobal iqtisadi münasibətlər sistemi ilə bağlıdır. Prezident İlham Əliyev qeyd etdi ki, "BMT universal üzvlüyü təmin edən yeganə qlobal təsisatdır və beləliklə də dayanıqlı inkişafa nail olunması məqsədilə qlobal iqtisadi idarəçiliyi əhatə etmək iqtidarındadır. Bu səbəbdən BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir. Qlobal iqtisadi idarəçilikdə müvafiq rolu oynamaq üçün təşkilat çərçivəsindəki proseslərə, multilateralizmə və onun təməl dəyərlərinə sadiqlik baxımından bütün üzvlərin siyasi iradəsi olduqca əhəmiyyətlidir".

Qənaətimə görə, bu, çox mühüm və problemin qoyuluşu baxımından olduqca dəqiq ifadə olunmuş bir mesajdır və cənab İlham Əliyevin qlobal viziona sahib olan siyasi lider obrazının bütün cizgilərini ortaya qoyur. Məsələ burasındadır ki, hazırda dünyada baş verən qlobal maliyyə və iqtisadi böhranların qarşısının alınması üçün heç bir qlobal təsisat fəaliyyət göstərmir. Bu proses ayrı-ayrı iqtisadi maraqların təsiri altında ciddi qalxıb-enmələrlə müşaiyət olunur ki, son nəticədə qlobal maliyyə sistemləri, iqtisadi münasibətlər təzyiq altında qalır və uzun müddət özünü bərpa edə bilmir. Maliyyə bazarlarının qloballaşması isə prosesin hər hansı bir dövlətin sərhədləri çərçivəsində lokallaşdırılmasına imkan vermir və nəticə etibarilə iki, yaxud bir neçə iqtisadi güc arasında yaşanan iqtisadi "münaqişələr" prosesdə iştirak etməyən digər ölkələrə də ciddi ziyan vurur. Bu baxımdan, mübaliğəsiz olaraq Azərbaycan Prezidentinin öz çıxışında ətraflı söz açdığı və çıxış yollarını göstərdiyi bu problem hazırda dünyanın ən əsas problemlərindən biridir. Çünki dünya elə bir mərhələyə qədəm qoyub ki, bütün digər proseslər iqtisadi münasibətlər sisteminin və iqtisadi maraqların üzərinə cərəyan edir.

Qeyd edim ki, Azərbaycan Prezidentinin çıxışında yer alan fikirlər ədalət hissini itirməyən digər dövlət və hökumət başçılarının çıxışlarında da öz ifadəsini tapdı ki, bu da Prezident İlham Əliyevin, Azərbaycanın dünya miqyasında nüfuzunun, ölkəmizə olan hörmətin, inam və etimadın təzahürüdür".

Bəxtiyar Umarlı Son.az