Azərbaycanda qaz hasilatı artıb


Digərləri 22 Sen 2020 12:12:00 183 0

Azərbaycanda qaz hasilatı artıb

2020-ci ilin yanvar-avqust aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 23,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən Son.az-a verilən məlumata görə, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə, təxminən, 1,8 milyon ton az olub.

Respublika üzrə hasil edilmiş neftin 16 milyon tonu "Azəri-Çıraq-Günəşli"nin, 2,4 milyon tonu (kondensat) "Şahdəniz"in payına düşüb. SOCAR üzrə hasilat isə 4,8 milyon ton təşkil edib.

Səkkiz ayda 19,2 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu 2019-cu ilin yanvar-avqust aylarına nisbətən, təxminən, 1,7 milyon ton, yəni 8 faiz azdır. Neft-kondensatın 18,4 milyon tonu konsorsium, 0,8 milyon tonu isə SOCAR üzrə ixraca nəql edilib.

2020-ci ilin 8 ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən 8,7 faiz, yəni 2 milyard kubmetr artımla 25,1 milyard kubmetr qaz hasil edilib. Qaz hasilatının 7,9 milyard kubmetri AÇG-dən, 12,3 milyard kubmetri isə "Şahdəniz"dən əldə edilib. SOCAR üzrə bu dövrdə 4,9 milyard kubmetr qaz hasil olunub.

Bu dövrdə xaricə qaz satışı 8,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6 faiz çoxdur. Cari ilin yanvar-avqust aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 25,3 faiz çox, yəni 7,2 milyard kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,5 milyard kubmetr olub. Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 2,8 milyard kubmetr qaz nəql olunub.

2018-ci ilin iyun ayının 30-dan 2020-ci ilin sentyabr ayının 1-dək TANAP-la Türkiyəyə təqribən 6,7 milyard kubmetr qaz nəql edilib.