Görünməz, natamam yol nişanları, silinmiş zolaqlar... Qəza riskini artıran amillər


Digərləri 22 Sen 2020 10:44:00 153 0

Görünməz, natamam yol nişanları, silinmiş zolaqlar...  Qəza riskini artıran amillər

Yol qəzaları sürücü və ya piyada məsuliyyətsizliyi, yüksək sürət, mobil telefondan istifadə, əlverişsiz hava şəraiti, hərəkət hissəsində düzgün yerləşməmə və başqa bu kimi səbəblərdən baş versə də, bəzən nişanlanma səhvləri, piyada xətlərinin vaxtlı-vaxtında yenilənməməsi də ağır qəzalara gətirib çıxarır.

Bakının bəzi yollarında piyada zolaqları tamamilə silinib, effektivliyini itirib. Xüsusən də gecə vaxtı bu zolaqlar işıqqaytarıcılığını itirdiyindən sürücülər və piyadalar üçün qəza vəziyyəti yaradır. Piyada keçidinə 100-150 metr qalmış yol nişanı qurulsa da, bu nişanları bəzən elə istiqamətlərdə quraşdırırlar ki, ağacın yarpaqları arasında qalır və görmək mümkün olmur.

Bəzi yolların işıqlandırılmaması da avtomobil qəzalarına səbəb ola bilir. Təbii ki, belə yollarda sürücü də yolu keçən piyadalar da daha diqqətli olmalıdır, amma, bu tip yollarda işıqlı yol nişanlarının tətbiqi arzuolunandır. Ümumiyyətlə, bu tip işıqlı nişanlar hər küçədə quraşdırılmalı, yarpaqların arxasında olsa belə işıq sayəsində sürücülərin diqqətini çəkməlidir.

Bir müddət əvvəl Bakıda və Naxçıvanda 3D formatlı piyada zolaqlarının çəkilməsini bu sahədə görülən uğurlu işlərdən hesab etmək olar. Bu tipli zolaqların sayının artılması piyada xəsarəti ilə nəticələnən qəzaların azalmasına müəyyən qədər təsir edə bilər. Çünki 3D formatlı zolaqların yolda qoyulmuş bordür effekti yaratması piyadaların həmin zolaqlardan daha təhlükəsiz istifadəsinə imkan verir.

Bundan əlavə, bir neçə küçədəki, xüsusən də körpülərin altındakı yollarda natamam nişanlanma avtomobil qəzalarının baş verməsinə gətirib çıxarır. Yol nişanının, sadəcə, ikinci dərəcəli yolu bildirən istiqamətdə quraşdırılması sürücülər arasında anlaşılmazlığa səbəb olur. Əslində, ikinci dərəcəli yola oxşasa da, digər nişana görə baş yolda olduğunu bilməyən sürücü bir neçə saniyə gözlədikdən sonra hərəkətə davam edir ki, bu da vaxt itkisidir.

Bütün bunlara baxmayaraq həm sərnişinlər, həm də sürücülər hərəkətdəykən daima diqqətli olmalı, qaydaları pozmamalı, piyadalar yolu qadağan edilmiş yerdən keçməməli, sürücülər isə ani baş verəcək olaylara cəld reaksiya verərək qəzadan yayınmağa çalışmalıdırlar. Unutmaq lazım deyil ki, cüzi diqqətsizlik və yüksək sürət ağır xəsarətlə, ölümlə, avtomobilin sıradan çıxması ilə nəticələnə bilər.

Bəxtiyar Umarlı Son.az