Ermənistanda məktəb dərsliklərində tarix saxtalaşdırılaraq azərbaycanlılara nifrət aşılanır


Digərləri 22 Sen 2020 00:03:00 196 0

Ermənistanda məktəb dərsliklərində tarix saxtalaşdırılaraq azərbaycanlılara nifrət aşılanır

Ermənistanda orta məktəb dərslikləri və müəllimlər üçün əyani vəsaitlərin hazırlanıb tədris müəssisələrində yayılması Ermənistanın Təhsil Nazirliyi (hal-hazırda Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi adlanır) tərəfindən təşkil olunur.

Ermənistanın Təhsil haqqında Qanununa əsasən Təhsil Nazirliyi orta məktəblər üçün nəzərdə tutulan dərsliklərin siyahısını təsdiq edir. Siyahı isə Təhsil Nazirliyinin müvafiq institutu tərəfindən tərtib olunur. Məsələn, qeyd edək ki, internetdə Ermənistanın təhsil nazirinin N 799-A/2 nömrəli 20.07.2017 tarixli əmri ilə təsdiq olunmuş siyahını tapmaq olar. Belə siyahılar ondan xəbər verir ki, dərsliklər və onların məzmunu rəsmi dövlət strukturu ilə razılaşdırıldığı üçün ən azından Ermənistanın rəsmi siyasi mövqeyini və ideologiyasını əks etdirir.

Məlum olduğu kimi ermənilərin Cənubi Qafqaza, o cümlədən tarixi Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülməsi ilə azərbaycanlıların öz ərazilərindən sıxışdırılması, qovulması və bu ərazilərimizin hissə-hissə itirilməsinə, eləcə də Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə səbəb olaraq xalqımızı ağır müsibətlərə düçar etmişdir. Bu hadisələr XIX ərsin əvvəllərində, yəni 1813-ci il Gülüstan müqaviləsi və 1828-ci il Türkmənçay müqaviləsinin imzalanmasından sonra başlamışdır. Bu dövr isə Ermənistan orta məktəblərində əsasən 8 və 9-cu sinif tarix dərsliklərində əks olunmuşdur. Buna görə də yuxarıda göstərilmiş əmr ilə təsdiq olunmuş 8-ci və 9-cu sinif tarix dərsliklərinin Azərbaycana qarşı münasibətdə nədən bəhs etdiyini aydınlaşdırmaq xüsusi maraq kəsb edir.

8-ci sinif Erməni tarixi (Aşot Melkonyan, Aram Simonyan, Aram Nazaryan, Akob Muradyan, Yerevan, Zangak nəşriyyatı 2013-cü il) XVII əsrin ortaları-1918-ci ilin mayınadək dövrü əhatə edir.

9-cu sinif Erməni tarixi (Vladimir Barxudaryan, Ararat Hakobyan, Hamlet Harutyunyan,Vladimir Ghazaxetsyan, Edvard Minasyan, Edvard Melkonyan, Manmar nəşriyyatı, 2014-cü il) 1918-ci ilin may ayı- 2000-ci illəri əhatə edir.

Ümumiyyətlə, bu müəlliflərin hazırladıqları dərsliklər uzun illərdir ki, Ermənistanda geniş istifadə olunur. Bu dərsliklərin zaman-zaman təkrar nəşrinə baxmayaraq, məzmun baxımdan ciddi dəyişikliklərə məruz qalmırlar.

Əlbəttə, erməni tərəfinin tarixi saxtalaşdırmaq və miflər yaratmaq sahəsində qeyri-adi istedadını nəzərə aldıqda hər iki kitabda tarixi uydurmaların yer alması təəccüb doğurmur. Halbuki, tarixi həqiqətlərin gizlədilməsi və ya qəsdən təhrif edilməsi səbəbindən bu iki dərslikdə uyğunsuzluq və məntiqsizliyin yer almasını qaçılmaz edir. Bu kimi məsələlərin ayrı bir yazının mövzusu olduğunu bilərək, dərsliklərdəki aşağıdakı bir neçə məqama diqqəti yetirmək istərdik:

"8-ci sinif dərsliyinin giriş hissəsində müəlliflər 17-ci əsrdə ermənilərin İran (qeyd: dərslikdə Səfəvilər dövləti sözü istifadə edilmir) və Osmanlı dövlətləri çərçivəsində yaşamalarını müsəlmanların əsarətində qalmaq kimi dəyərləndirərək bundan yalnız xristianlar vasitəsilə çıxıb öz dövlətçiliklərini bərpa edə biləcəklərini izah edirlər. Bununla bağlı, "xristian Avropanın" yardımını almaq üçün İsrael Orinin fəaliyyətinə istinad edirlər. Ümumiyyətlə, dərslikdə digər hadisələrin təsviri, o cümlədən erməni kilsəsinin rolu barədə hissələr ermənilərin hələ məktəb dövründən xristian və müsəlman qarşıdurması ruhunda böyüdüldüklərini nümayiş etdirir".

8-ci sinif dərsliyi elə bir tərzdə tərtib olunub ki, sanki Cənubi Qafqazda XVII-XVIII əsrlərdə gedən proseslərdə tarixi Azərbaycan dövlətləri və onların azərbaycanlı əhalisi mövcud olmayıb. Kitabda Naxçıvan, Qarabağ və digər tarixi ərazilərimiz Şərqi Ermənistan adlandırılan ərazi kimi göstərilir. Qəsdən bu ərazilərdə yaşamış yerli əhalinin müasir azərbaycanlılarla bağlılığı unudulur. Azərbaycan sözünə ümumiyyətlə təsadüf olunmur. 13-16-cı səhifələrdə 1720-ci illərdə Səfəvilər ilə Osmanlı imperiyaları arasında gedən müharibədə, Osmanlı qoşunlarının 1724-cü ildə İrəvanı tutması, Qarabağa və Şuşaya hücumları ilə bağlı hadisələrin təsviri bu ərazilərin yalnız ermənilər tərəfindən məskunlaşdığı təsəvvürünün yaranmasına yönəlib. 29-cu səhifədə artıq Qarabağ xanlığına istinad edilir, lakin Şuşa tarixi erməni şəhəri adlandırılır, ermənilər tərəfindən məskunlaşdığı iddia olunur və bu tarixi şəhərimizdə azərbaycanlılara hər hansı bir formada istinad edilmir. Buna baxmayaraq, XIX əsrə aid hadisələrdə, konkret olaraq, məsələn, 1827-ci ildə Rusiya imperiyası tərəfindən İrəvanın işğalında erməni əsgərlərdən istifadə olunduğu və ermənilərin sevincinə səbəb olduğu göstərilir. Bu hadisənin guya buradan Şah Abbas dövründə "köçürülmüş" ermənilərin həmin ərazilərə qayıdışını təmin etdiyini və beləliklə də Ermənistanda erməni demoqrafik mənzərənin bərpa olunduğu izah edilir.

Tarixin belə təsvir olunması ermənilərin özlərini Cənubi Qafqazın bir çox ərazilərinin yeganə sahibi kimi görməsindən irəli gəlir. Təsadüfi deyil ki, 10-cu sinif "Erməni tarixi" dərsliyində ermənilər "Erməni yaylasının yerli sahibləri və varisləridir" iddiası erməni tarixçilərinin bu "dünyagörüşünü" daha aydın formada nümayiş etdirir ("Erməni tarixi" 10-cu sinif, Aşot Melkonyan, Hayk Avetisyan, Artak Movsisyan, Petros Hovhannisyan, Eduard Danielyan. Zangak 2014, səh 26).

Azərbaycanlılar ifadəsi ötəri olaraq ilk dəfə 1905-ci ildə "erməni-yerli müsəlmanlar (Qafqaz tatarları -indiki azərbaycanlılar) arasında münaqişə" ifadəsilə 104-cü səhifədə daxil edilir. Burada 1905-1906-cı illərdə Bakı, İrəvan, Yelizavetpol (Gəncə) və Tiflis quberniyalarında azərbaycanlıların ermənilər tərəfindən qırılmasını oxuculara xatırlatmaq istərdik (səbəbi bir qədər aşağıda).

Erməni milliyyətçilərinin zaman-zaman terroru mübarizə üsulu seçməsi məlum məsələdir. Lakin 8-ci sinif dərsliyində terrora bəraət qazandırılır və terror aktlarını törədənlər bu mübarizənin qəhrəmanı kimi təqdim olunur. Məsələn, dərslikdə 1905-ci ilin azərbaycanlı-erməni toqquşmalarını yatızdırmaq üçün göndərilmiş general Maqsud Əlixan-Avarskiyinin Daşnaksütyun partiyasının qərarı ilə Dro (Drastamat Martirosoviç Kanayan) və Kamo (Simon Arşakoviç Ter-Petrosyan) tərəfindən öldürülməsi (ailəsinin də olduğu ekipaja bomba atılır) xüsusilə vurğulanır. Burada xatırlatmaq zəruridir ki, Dro İkinci Dünya müharibəsi dövründə Vermaxtın tərkibində Qaregin Njde ilə birlikdə Erməni legionunu yaratmışdır. Yeri gəlmişkən, digər faşist, xüsusilə 1918-ci ildə Zəngəzurda azərbaycanlılara qarşı qətliamlar törətmiş Qaregin Njde Osmanlı türklərinə qarşı "mübarizə" kontekstində qəhrəmanlaşdırılır (səh. 151). 1905-1906-cı illərdə baş verən erməni-azərbaycanlı toqquşmalarını müəlliflər qısa təsvir etdikdən sonra bu hadisənin ən böyük nəticəsi kimi ermənilərin vacib döyüş təcrübəsi qazanmasını göstərirlər (səhifə 105). Bu, əslində erməni məktəblərində azərbaycanlıların öldürülməsi üzərində döyüş təcrübəsinin qazanılması kimi dəyərlərin aşılanmasından və beləliklə azərbaycanlıların insani dəyərinin aşağılandığından xəbər verir.