Almaniyalı virusoloq COVIDdissidentlərin koronavirus haqqında söylədiklərinə cavab verib


Digərləri 21 Sen 2020 23:55:00 177 0

Almaniyalı virusoloq COVIDdissidentlərin koronavirus haqqında söylədiklərinə cavab verib

COVID-dissidentlərin nümayişlərində, peyvəndlərin əleyhinə olan və sui-qəsd nəzəriyyələrinə inanan insanlarla diskussiyalarda, habelə internetdə həm cəfəngiyyat olması açıq-aşkar görünən, həm də ilk baxışda inandırıcı təsir bağışlayan "Virus çox da təhlükəli deyil", "Əczaçılıq sənayesi pandemiya hesabına yalnız pul qazanmaq istəyir", "Cavanlara heç nə olmayacaq" kimi fikirlər tez-tez səslənir.

Almaniyanın aparıcı virusoloqarından biri, Bonn Universitetinin professoru, Virusologiya İnstitutunun direktoru Xendrik Ştrek Covıd-dissidentlərin və koronavirusun yayılmasına qarşı mübarizə üzrə dövlət tədbirlərinin əleyhinə çıxanların çox tez-tez səsləndirdiyi fikirləri DW (Almaniya Beynəlxalq İctimai Teleradio Şirkəti) üçün şərh edib. Son.az AZƏRTAC-a istinadən həmin materialı təqdim edir.

X   X   X

-Virus çox da təhlükə deyil. KİV-lər, siyasətçilər və alimlər milçəyi filə döndərirlər.

-Elə deyil. İndiyə qədər aparılmış bütün tədqiqatlar bu nəticəyə gəlməyə əsas verir ki, ABŞ-da ölüm göstəricisi kifayət qədər aşağı, digər ölkələrdə isə çox yüksəkdir. Birmənalı olaraq deyə bilərik ki, koronavirus mövsümi qrip ilə müqayisədə daha çox hallarda ölümlə nəticələnir.

Almaniyanı qərbində, Düsseldorfun yaxınlığında yerləşən Haynsberq dairəsində aparılmış tədqiqat zamanı məlum olub ki, virus mövsümi qriplə müqayisədə azı dörd dəfə təhlükəlidir. Əlbəttə, tədqiqatın nəticələri həmişə bu araşdırmaların aparıldığı populyasiyadan asılıdır. İstənilən halda bu virusu ciddi qəbul etmək lazımdır, lakin vəziyyəti həddən artıq dramatikləşdirməyə əsas yoxdur.

-Siyasətçilər və KİV-lər koronavirusa yoluxmaların sayının hər gün artmasından danışırlar. Lakin mənim tanıdığım adamların heç biri COVID-19-a yoluxmayıb.

-Mənim qohumlarımdan iki nəfər COVID-19-a yoluxub.

-SARS-CoV-2-nin yayılması ilə əlaqədar hökumətin məhdudlaşdırma tədbirlərinə qarşı çoxlu nümayişlər olub. Bu nümayişlərdən sonra epidemiyanın geniş yayılması halları olubmu? Yox!

-Etiraz aksiyaları açıq havada keçirilib. Belə aksiyalar zamanı yoluxma təhlükəsi qapalı məkanlarda keçirilən tədbirlərlə müqayisədə xeyli aşağıdır. Bundan əlavə, istər müxtəlif şəhərlərdən gəlmiş və sonradan geri qayıtmış çoxsaylı iştirakçıların Berlində keçirdiyi aksiyalarda kütləvi yoluxma hallarının olub-olmadığını izləmək çox çətindir. Tədbirin bütün iştirakçıları eyni şəhərdə olduğu hallarda virusun yayılmasını izləmək xeyli asandır.

-İtaliyada və ABŞ-da koronavirusdan ölənlərin sayı çox, bizdə, Almaniyada isə az olub. Burada nə isə uyğunsuzluq var.

-Almaniyada da koronavirusdan ölənlər olub. Bizimlə müqayisədə İtaliyada və ABŞ-da virus çoxsaylı adamlar arasında sürətlə yayıldı və bu, xəstəxanaların həddən artıq yüklənməsi ilə nəticələndi. Bundan əlavə, həmin ölkələrdə virus yoluxanların vəfat etməsi ehtimalı yüksək olan risk qruplarına nüfuz etdi. Almaniyada bundan yaxa qurtara bildik.

-Peyvəndlər yalnız əczaçılıq sənayesinin daha çox pul qazana bilməsi üçündür.

-Bu, yanlış fikirdir. Əlbəttə, əczaçılıq sənayesi vaksin hesabına pul qazanır, lakin Almaniyadakı xəstəxana kassalarının vaksinlər üçün çəkdiyi xərclər onların il ərzində dava-dərman üçün çəkdiyi xərclərin orta hesabla cəmi 0,3 faizinə bərabərdir. Bundan əlavə, əczaçılıq sənayesi pul qazanmalıdır ki, vaksinlərin yaradılması üçün çəkilən xərcləri ödəyə bilsin.

-Virus o qədər tez-tez mutasiyaya məruz qalır ki, vaksin bu virusdan qorunmanı əsla təmin etmir. Biz hər il qripə qarşı olduğu kimi COVID-19-a qarşı da peyvənd etməli olacağıq.

-İndiki dövrdə belə demək olmaz. Doğrudur, COVID-19 virusu mutasiya edir, lakin onun mutasiya prosesi qrip virusunda olduğu kimi güclü deyil. Vaksinin səmərəli olub-olmayacağını və hansı tezliklə peyvənd etdirmək lazım gələcəyini indi deyə bilmərik, ona görə ki, hələ vaksin yoxdur.

-Virusun yayılmasına qarşı mübarizə məqsədilə hökumətlər tərəfindən tətbiq edilən məhdudlaşdırma tədbirləri hədsiz dərəcədə kəskindir. Mən əvvəlki kimi azad yaşamaq istəyirəm.

-Biz bilirik ki, hazırda qüvvədə olan qaydalar - məsafə gözləmək, gigiyena qaydalarına riayət etmək və qoruyucu maska taxmaq tələbləri səmərə verir. Bu qaydalara əməl edilməsi sayəsində biz virusun daha geniş yayılmasının qarşısını ala bilmişik.

Bundan əlavə, həmin qaydaların səmərəsi ondan ibarətdir ki, birisi yoluxsa belə, virusların sayı az olur. Bunun sayəsində yoluxmuş şəxsdə xəstəliyin simptomları zəif təzahür edir. Başqa viruslar haqqında bizə məlum olan budur ki, həmin virusa yoluxanların sayı nə qədər çox olsa, onun simptomları bir o qədər güclü olur. Necə deyərlər, zəhərlənmə dərəcəsi dozadan asılıdır.

Məsafəyə riayət etməklə və qoruyucu maskalardan istifadə etməklə biz dozanı azaltmağa nail oluruq. Beləliklə, Almaniyada bu xəstəliyə yoluxanların sayı çox olsa da, yəqin ki, məhz bizim ümumi səylərimiz sayəsində xəstəlik yüngül formada keçir.

-Qonşu Niderlandda və Danimarkada mağazalarda heç kəs qoruyucu maska taxmır. Axı oradakı adamlar da canlarından bezməyib.

-Bəli, həqiqətən bəzi ölkələrdə insanlar qoruyucu maska taxmır. Bu da düzgündür ki, maskanı hər yerdə taxmaq lazım deyil. Maska sosial məsafəyə riayət etmək mümkün olmayan yerlərdə taxılmalıdır.

Eyni zamanda, Niderlandda əvvəlki illərlə və Almaniya ilə müqayisədə ölüm göstəricisi artıb, Almaniyada isə bu göstərici əvvəlki səviyyədə qalıb, çünki bizdə yoluxmuş insanların sayı o qədər də çox deyil.

-Koronavirus Çində laboratoriyada yaradılıb və təsadüfən xaricə çıxıb.

-Bu virusun laboratoriyada yaradılması ehtimalı azdır. Mənim bildiyimə görə, belə tədqiqatlar aparılmır, çünki bu çox təhlükəlidir. Bundan əlavə, virusun harada əmələ gəldiyini dəqiq demək mümkün deyil. Virus təbiətdə mövcud ola bilməyən genlərin ardıcıllığında ibarət olmalıdır.

Onu da qeyd etmək lazımdır ki, Çinin Uhan şəhərindəki laboratoriyaya oxşar laboratoriyalar təhlükəsizlik şlüzləri ilə təchiz olunub, bunun sayəsində virus və bakteriyaların müxtəlif binalara keçməsi və ya ehtiyatsızlıq üzündən laboratoriyanın hüdudlarından kənara çıxması istisna olunur.

Buna görə hesab edirəm ki, belə bir hadisənin baş verə bilməsi ehtimalı son dərəcə azdır, lakin bunu sübut etmək mümkün deyil. Hərçənd, bunun əksini də sübut etmək qeyri-mümkündür.

-Hətta mən yoluxsam da gəncəm, çox sağlamam. Yəqin ki, mən xəstələnməyəcəm, məndə yalnız xəstəliyin simptomları olacaq.

-Statistikaya görə sağlam gənclərin yoluxmasının simptomsuz və ya zəif simptomlarla keçməsi fikri doğrudur. Lakin bəzən cavan adamlarda da ağır simptomlar müşahidə olunur, bəzən onlar ölürlər. Belə hallar da məlumdur.