"İlk vaxtlar çoxları mənə "bu iş sənlik deyil" deyirdi" traktorçu qadın FOTO


Digərləri 21 Sen 2020 23:15:00 211 0

"İlk vaxtlar çoxları mənə "bu iş sənlik deyil" deyirdi"   traktorçu qadın  FOTO

Nəzakət Abuzərova Ağsu rayonunun Ərəbmehdibəy kəndinin sakinidir. Pambıqçılıqla məşğul olan Nəzakət xanım bir çoxlarına qəribə gəlsə də, "Belarus" markalı traktoru məharətlə idarə edir. Bu günlərdə Ağsu pambıqçılarının yığdıqları ilk məhsul qəbul məntəqələrinə yola salınarkən lafet karvanını idarə edənlər arasında o da var idi.

Son.az bildirir ki, AZƏRTAC-ın bölgə müxbiri kənd təsərrüfatı texnikalarını idarə etməyi sevən bu xanımla görüşüb söhbət edib.

Qadın traktorçu bildirib ki, hələ uşaqlıqdan torpağa bağlı olub. Qonum-qonşularının çoxu da pambıq əkib-becərir. Fermerlərə göstərilən dövlət dəstəyi digərləri kimi, onu da ruhlandırıb və bu işə həvəslə qoşulub. Ona görə də, o da illərdən gələn bu təcrübəsindən istifadə edərək, 4 hektar sahədə pambıq əkib. "Qərara aldım ki, ailə fermer təsərrüfatı yaradım, pambıq əkim. 2018-ci ildə ilkin olaraq güzəştli qiymətlə "Belarus" markalı traktor aldım. Axı, təsərrüfatı texnikasız genişləndirmək mümkün deyil. İlk vaxtlar çoxları mənə "bu iş sənlik deyil" deyirdi. Lakin ruhdan düşmədim və bu peşəni də öyrəndim. İndi gördüyünüz kimi, bu ağır texnikanı asanlıqla idarə edirəm", - deyə Nəzakət xanım vurğulayıb.

Bu ili özü üçün sınaq hesab edən qadın fermer pambıq sahəsini ailə üzvlərinin köməyi ilə becərib. "Belarus" isə bu işlərdə ona böyük kömək olub. Traktorçu qadın gələn il azı 20 hektar sahədə pambıq əkəcək.