İçkili olduğu üçün arvadı evə buraxmadı, avtobusda öldü


Kriminal 21 Sen 2020 22:28:00 162 0

İçkili olduğu üçün arvadı evə buraxmadı, avtobusda öldü

Son.az kulis.az-a istinadən aktyor Kamil Məhərrəmov haqqında maraqlı faktları təqdim edir.

Kamil Fərman oğlu Məhərrəmov 1941-ci il mayın 9-da Şamaxıda dünyaya gəlib. Ailədə üç uşaq olublar - iki qardaş, bir bacı. Kamilin atası Şamaxıda məşhur dərzilərdən biri olub. Ancaq ailənin bütün qazancı gözlərini açandan xəstə yatağında gördükləri analarının müalicəsinə gedirdi. Bu səbəbdən də Kamil hələ balaca ikən ailə Bakıya köçür.

Bakıda böyüyür, yeniyetməlik yaşına çatır. Uşaqlıqdan sevdiyi işlə məşğul olmaq üçün Lütfi Məmmədbəyovun teatr dərnəyinə yazılır. Hər gün dərsdən çıxıb dərnəyə gedir. Bu uşağın hədsiz marağı Lütfi Məmmədbəyovun diqqətini çəkir, onun istedadlı olduğunu hiss edir. Məsləhət görür ki, hökmən aktyor olsun. Kamil isə ailəsinə kömək etmək üçün tezliklə bir sənətə yiyələnib işləmək üçün Energetika Texnikumuna qəbul olunur.

***

Lakin günlərin birində sənədlərini hazırlayıb İncəsənət İnstitutuna verir. İmtahanlardan uğurla keçir və qəbul olunur. Ailədə bu sənətlə məşğul olan bir kimsə yox idi. Qardaşı neft sahəsi üzrə elmlər namizədi oldu, bacısı isə tibb bacısı.

Kamil Məhərrəmov institutu bitirən il Sumqayıtda Teatr fəaliyyətə başlayır. Onları bütün heyətlə Sumqayıt teatrına göndərirlər. Bundan sonranı xanımı danışacaq. Mahirə xanım müəllimədir. Kamil Məhərrəmovla hələ uşaqkən tanış olub.

***

O zaman Mahirə 11-ci sinifdə oxuyurdu. Kamilgilin eyvanı Mahirənin oxuduğu məktəbə baxırdı. Hər gün zəng vurulanda Kamil məktəbə gedib sevdiyi qıza göz qoyur. Bir-birini sevərək ailə qururlar və Sumqayıtda yaşamağa başlayırlar. Bu evlilik və Bakıdan Sumqayıta köçmə Kamili Bakıdakı içki məclislərindən də müvəqqəti olaraq xilas edir.

C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 46 bədii filmə çəkilib. Üstəgəl "Mozalan" süjetləri. Bir kadr hamıya yaxşı tanışdır: Kamil Məhərrəmov uzunqulağın belində, radio qucağında xarici musiqi dinləyə-dinləyə gedir.

***

Fazil Salayev, Məmmədsadıq Nuriyev, Ağahüseyn Cavadov... Kamil Məhərrəmov onlarla eyni məktəbin yetirməsidir. "Yol əhvalatı"ndakı Paşa, "Evlənmək istəyirəm"dəki Lal Hüseyn kimi xırda, amma xarakterik obrazları çox gözəl oynayıb. Lakin heç bir fəxri adı olmayıb.

Teatrda Kamil Məhərrəmovun yaxşı rolları olur, kinoya da çəkilir. İki övladı vardı. Tezliklə onlara Sumqayıtda ev də verdilər. Amma nədənsə Kamil Məhərrəmov aludə olduğu içkidən ayrıla bilmir. Xanımı danışır ki, nə vaxt onu ayrılmaqla qorxudurdum, bir həftə içmirdi, sonra yenidən başlayırdı.