ABŞ COVID19 testində rekorda imza atdı


Dünya 21 Sen 2020 21:16:00 132 0

ABŞ COVID19 testində rekorda imza atdı

Ötən bazar günü Birləşmiş Ştatlarda bir gün ərzində keçirilmiş COVID-19 testlərinin sayına görə yeni rekord müəyyən edilib. Həmin gün ölkədə 1 milyon test keçirilib. ABŞ-da koronavirusdan ölənlərin sayı 200.000 nəfərə yaxınlaşır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ötən cümə və şənbə günləri ərzində Birləşmiş Ştatlarda 1.061.411 yeni COVID-19 testi keçirilib. Cons Hokkins Universitetinin statistik məlumatına əsasən, ABŞ-da COVID-19 ilə bağlı 199.411 ölüm faktı qeydə alınıb. Bazar günü üçün olan məlumata görə, ölkədə 6.782.083 yoluxma halı baş verib. Bu, dünya ölkələri arasında ən yüksək göstəricidir.

Birləşmiş Ştatlarda koronavirusdan ölənlərin sayı may ayında 100.000 nəfərə çatmışdı. Həmin vaxt Vaşinqton Universitetinin Sağlamlığın Qiymətləndirilməsi İnstitutundan olan ekspertlər oktyabr ayına qədər COVID-19-dan ölənlərin sayının 180.000 nəfərdən az olacağını proqnozlaşdırırdı. O vaxtdan bəri universitet öz proqnoz məlumatlarına düzəliş edib və yanvar ayına qədər ölkədə ölüm hallarının 410.000 həddində olacağını bildirib.

Microsoft şirkətinin həmtəsisçisi və xeyriyyəçisi Bill Qeyts bazar günü Tramp administrasiyasının koronavirusa qarşı mübarizə tədbirlərini kəskin tənqid edib. Bill Qeyts bu tədbirlərin səmərəli olmadığını vurğulayaraq deyib ki, amerikalıların çoxu testlərin nəticələrini 24 saat ərzində ala bilmirlər.