Şəkidə yeni qədim abidə aşkar edildi FOTO


Digərləri 21 Sen 2020 11:27:00 168 0

Şəkidə yeni qədim abidə aşkar edildi  FOTO

Azərbaycan-Qazaxıstan beynəlxalq arxeoloji ekspedisiyasının Şəki rayonunun Fazıl kəndində yerləşən Təpəbaşı abidəsində apardığı arxeoloji qazıntılar nəticəsində yeni abidə aşkar edilib.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan Son.az-a verilən məlumata görə, bu il tədqiqatı başlamış 4 saylı qazıntı sahəsində bölgə üçün yenilik olan unikal tapıntı üzə çıxıb. Belə ki, 1984-cü ildən tədqiqat işləri aparılan və bu vaxta qədər nekropol olaraq bilinən Təpəbaşı abidəsinin 2020-ci il arxeoloji tədqiqatlarında ilk dəfə olaraq yaşayış yerinin təsərrüfat tikililəri aşkar edildi. Bunlar antik dövrə aid keramika sobaları və ona aid yardımçı təsərrüfat qurğularıdır. Bütövlükdə abidədə bir keramika sobası və səkkiz təsərrüfat quyusu müəyyən olundu.

1 və 2 saylı qazıntı sahələrində bu il aparılmış qazıntılar nəticəsində antik dövrün müxtəlif mərhələlərinə aid 4 qəbir aşkar edilib. Qəbirlərdən xeyli sayda antik dövrə aid maddi-mədəniyyət nümunələri - saxsı qablar, tunc əşyalar, dəmir silahlar, pasta muncuqlar və s., həmçinin, insan və heyvan qalıqları əldə olundu.

Qazıntı işləri dronla aparılmış aerofotoçəkiliş vasitəsilə sənədləşmiş, əldə olunan materiallar yerindəcə qorunub bərpa edilərək, ilkin çöl şəraitində inventar siyahısına alınmışdır.