Azərbaycan Avropanın yeni və alternativ enerji mənbəyidir


Siyasət 20 Sen 2020 17:39:00 200 0

Azərbaycan Avropanın yeni və alternativ enerji mənbəyidir

Enerji təhlükəsizliyi dünyanın aparıcı dövlətlərinin milli təhlükəsizlik strategiyasının həlledici elementi statusunda çıxış edir. Bu baxımdan bir sıra nüfuzlu ekspertlərin "müasir dünyanın siyasi mənzərəsi daha hərbi bloklara mənsubiyyətlə yox, enerji ehtiyatlarına maliklik və malik olmamaq üzrə bölgüylə müəyyən ediləcək",- fikri təsadüfi sayılmamalıdır.

Bu bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi sahəsində ciddi problemləri mövcuddur. Onlarin bir çoxunun ümumiyyətlə karbohidrogen resursları yoxdur (Yaponiya, Cənubi Koreya, Tayvan, bəzi Avropa ölkələri və s.), digərlərinin malik olduqları köhnə yataqlar isə tükənmək üzrədir (Böyük Britaniya, Norveç, Niderland). ABŞ isə dünya neft hasilatında 8%-lik paya malik olmasına baxmayaraq, istehlakda payı 24%-dən artıqdır. Bu fikirlərin təsdiqi kimi onu da qeyd edək ki, ABŞ Neft Şurasının statistik məlumatlarında qeyd olunur ki, 1996-cı ildə neftə olan sutkalıq təlabat 71 mln. barrel təşkil edirdisə, 2030-cu ildə bu göstəricinin 138 mln. barrelə yüksələcəyi proqnozlaşdırılır ki, onun da 30 mln. barreli təkcə ABŞ-ın payına düşəcəkdir.

Dünya neft-qaz bazarı istehlakçılarının strukturunda da dəyişiklik baş vermişdir. Əvvəllər 3 yüksək inkişaf etmiş region neft və qazın əsas istehlakçıları hesab olunurdu: Şimali Amerika (ilk növbədə ABŞ), Avropa İttifaqı ( ilk növbədə Almaniya, Böyük Britaniya, Fransa, İtaliya) və Şimal-Şərqi Asiya (Yaponiya, Cənubi Koreya, Tayvan). Hal-hazırda dinmik iqtisadi inkişaf tempi ilə bağlı olaraq Çin, Hindistan, Braziliya, Tailand və bir sıra digər dövlətlərin karbohidrogen ehtiyatlarına olan tələbatı xeyli dərəcədə artmışdır. Çin hətta Yaponiyanı bu sahədə ötərək dünya neft istehlakında 9%-lik göstəriciyə malik olmuşdur və yalnız ABŞ-dan geri qalır.

Başqa bir məlumata əsasən, dünyada sənaye məhsulları istehsalında 80%-lik paya malik olan böyük dövlətlər təxminən 20%-ə bərabər enerji ehtiyatlarına malikdirlər. Bir çox hallarda onlar bunu tarixi ədalətsizlik kimi dəyərləndirir və belə bölgünün aradan qaldırılmasının vacibliyini vurğulayırlar.

Bir sıra mütəxəssislərin fikrincə, gələcəkdə bu tələbə etiraz edən neft-qaz ölkələrinin "enerji millətçiliyi"ndə və hətta "enerji terrorizmi"ndə ittiham ediləcəkləri istisna deyildir.

Dünyanın müasir enerji xəritəsində mövcud vəziyyətin natamam təqdimatı belə təsdiqləyir ki, dünyada enerji resurslarına olan təlabat ilbəil artmaqdadır və bu strateji məhsulların təkrar istehsalının olmaması reallığı fonunda tələb və təklif arasında qeyri-mütənasibliyin dinamik olaraq artacağını proqnozlaşdırmaq mümkündür. Bu reallıq əsas enerji istehlakçılarını, o cümlədən Avropa ölkələrini alternativ enerji hasilatçıları axtarmağa sövq edir. Belə enerji mənbələri içərisində Xəzər regionu dövlətlərinin, xüsusilə də Azərbaycanın müstəsna mövqeyi vardır.

Bu bir həqiqətdir ki, Azərbaycan zəngin enerji ehtiyatlarına malik ölkədir. Hələ 1846-cı ildə, yəni Pensilvaniyada neft yataqlarının aşkar olunmasından (1859-cu il) 10 ildən də artıq bir müddətdə Azərbaycanda, Bibiheybət ərazisində ilk neft quyusu fontan vurmuşdur. Yeri gəlmişkən, dünyada sənaye üsulu ilə neft hasilatı ilk dəfə XİX əsrdə məhz Azərbaycanda həyata keçirilmişdir. Dünyada dəniz yataqlarından da ilk dəfə neft 1949-cu ildə Azərbaycanda çıxarılmışdır.

1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizin enerji hasilatı tarixində keyfiyyətcə yeni mərhələ başlandı. Azərbaycan öz sərvətlərinin real sahibi olmaq hüququ əldə etdi. Təəssüf ki, 1993-cü ilədək hakimiyətdə olmuş iqtidarların səriştəsiz və bacarıqsız siyasəti nəticəsində faktiki olaraq Azərbaycanın müstəqil və səmərəli enerji siyasəti formalaşmadı. Yalnız ümummilli lider Heydər Əliyevin ikinci dəfə 1993-cü ildə xalqın xahiş və tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan bütün sahələrdə, o cümlədən enerji sektorunda milli maraqlara söykənən siyasət həyata keçirməyə başladı.

Azərbaycanın yeni enerji strategiyasının memarı ümummilli lider Heydər Əliyevin otən əsrin 90-cı illərində müəllifi olduğu iki siyasi qərar ölkəmizin neft-qaz siyasətinin formalaşmasınsa həlledici əhəmiyətə malik olmuş, eyni zamanda respublikamızın Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə hazır olduğunu nümayiş etdirmişdir. Daha dəqiq desək, 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsinin 12 şirkəti ilə "Əsrin müqaviləsi"nin imzalanması ölkəmizin yeni neft strategiyasının başlanğıcı olmuşdur. 1996-ci il iyunun 6-da regionun enerji təhlükəsizliyi sahəsində olduqca mühüm rol oynayan və nəticədə Avropanın enerji təhlükəsizliyində vacib rol oynayan "Şahdəniz" qaz yatağının işlənməsinə dair müqavilənin imzalanması ilə bu proses dönməz xarakter almışdır.

1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdıır. "Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) ən məşhur neft şirkətləri (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişdir. Bununla da "Yeni neft strategiyası" uğurla həyata keçirilməyə başlanmışdır. Yaponiyanın "İtoçu" və ABŞ-ın "Eksson" və "Amerada Hess" şirkətləri müqaviləyə sonradan qoşulmuşdur. Yeri gəlmişkən, onu da qeyd edək ki, 2007-ci ilin avqustunda Cənubi Koreyanın neft şirkəti də bu müqavilədə iştirak etməyə başlamışdır.

"Əsrin müqaviləsi"nin əhatə etdiyi "Azəri", "Çıraq" və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsi sahəsində ilkin neft ehtiyatları 511 milyon ton səviyyəsində qiymətləndirilsə də, lakin sonradan aparılan qazma işləri nəticəsində müəyyən olunmuşdur ki, neft ehtiyatları 640 milyon ton, səmt qazı ehtiyatları 100 milyard kubmetr, sərbəst təbii qaz ehtiyatları isə 100-150 milyard kubmetrdir.

"Əsrin müqaviləsi"nin imzalanması mərasimində çıxış edən ulu öndər Heydər Əliyev təbrik nitqində demişdır: "Biz ötən dövrlərdə nə qədər neft çıxarsaq da, nə qədər böyük nailiyyətlər əldə etsək də, bir həqiqəti nəzərə çatdırmalıyıq ki, son vaxtlaradək, yəni Azərbaycanın müstəqilliyi əldə olunan dövrlərədək xalqımız heç vaxt öz təbii sərvətinin sahibi olmamışdır. İndi isə biz yeni bir mərhələdə yaşayırıq. Azərbaycan xalqı öz təbii sərvətlərinin sahibidir. Bu sərvətlərdən necə istifadə edilməsini xalqımızın özü sərbəst surətdə müəyyənləşdirir". Yəni Azərbaycan Respublikası hər bir ölkə ilə, o cümlədən neft şirkətlərinin mənsub olduqları ölkələrlə müstəqil surətdə danışıqlar aparır və Azərbaycanın dünyəvi ölkə olduğunu nümayiş etdirir. Bu müqavilə Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra onun müstəqil və sərbəst daxili və xarici siyasət yeritməsinin bariz nümunəsi olan və 30 illik müddətə bağladığı ilk beynəlxalq müqavilə idi. Müqavilənin imzalanmasından iki gün sonra, yəni 1994- cü il sentyabrın 22-də Azərbaycan televiziyası və radiosu ilə çıxışında bu müqavilənin böyük tarixi əhəmiyyətə malik olduğundan bəhs edən ümummilli lider Heydər Əliyev demişdir: "O, ötən 150 ildə Azərbaycan neft sənayesinin tarixində ilk belə böyük müqavilədir. Xarici neft şirkətləri rəhbərlərinin fikrincə, ümumiyyətlə öz xüsusiyyətlərinə görə bu, nadir bir müqavilədir, dünyada oxşarı olmayan bir müqavilədir. Bu da ondan ibarətdir ki, Azərbaycan Dövlət Neft Şirkəti dünyanın yeddi böyük neft şirkətlərinin daxil olduğu konsorsium ilə müqavilə bağlayıb. Həmin şirkətlər ABŞ, Böyük Britaniya, Rusiya, Norveç və Türkiyəyə mənsubdur, sonradan Səudiyyə Ərəbistanının "Delta" neft şirkəti də onlara qoşulub. Yeddi neft şirkəti bir konsorsiuma daxil olub. Azərbaycan Dövlət Neft Şirkəti ilə 30 il müddətinə müqavilə imzalayıb. Demək bu konsorsium həm yeddi neft şikrəti, həm də Amerika Birləşmiş Ştatları, Rusiya, Böyük Britaniya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı kimi ölkələri təmsil edir. Biz həm neft şirkətləri ilə müqavilə bağlamışıq, həm də bu şirkətlər bizim həmin dövlətlərlə iqtisadi və digər əlaqələrimizin gələcək inkişafı üçün əsas yaratmışlar". "Əsrin müqaviləsi"nin imzalanması münasibətilə ABŞ prezidenti B.Klinton 1994-cü il sentyabrın 20-də Vaşinqtondan-Ağ Evdən göndərdiyi teleqramda yazırdı: "Birləşmiş Ştatlar tarixdə bu növ sazişlər arasında ən böyüyü olan bu müqaviləni alqışlayır. O bütün tərəflər üçün mənfəətli olacaq və ölkələrimiz arasında artmaqda olan iqtisadi-ticarət əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcəkdir. Azərbaycan neftinin işlənməsi Dağlıq Qarabağ regionu daxilində və onun ətrafında uzun müddət sürən münaqişənin həll olunması ilə yanaşı, Azərbaycan xalqı üçün sabitlik, iqtisadi inkişaf və firavanlıq gətirilməsində mühüm rol oynaya bilər. Biz çox şadıq ki, siz qüdrətli iqtisadi gələcəyə doğru bu həlledici addımı atdınız". Müqavilənin imzalanmasından sonra Türkiyənin dövlət naziri Nəcməddin Cövdət Prezident Heydər Əliyev tərəfindən qəbul olunarkən o, böyük bir tarixi hadisənin şahidi olduğunu qeyd etmiş, heyrətamiz bir ifadə ilə öz fikrini açıqlayaraq demişdi: "Əgər istiqlaliyyətiniz əlinizdə olmasaydı, bu imza bu gün Bakıda atılmazdı... Neft müqaviləsinə atdığınız bu günkü imza əslində üçrəngli bayrağınızın təsdiqinə atılmış imzadır".

Onu da qeyd edək ki, 1994-cü ildə "Əsrin müqaviləsi" imzalanan vaxt Azərbaycanın tarixində ən aşağı səviyyədə - 9,5 milyon ton olan neft hasilatı 2010-cu ildə 5 dəfədən çox artaraq 51 milyon tona çatmışdır. İstismara veriləndən bu ilin sentyabrına kimi Azəri-Çıraq-Günəşli yataqlarından 516 milyon ton neft hasil olunmuş, Azərbaycan bu yataqlardan dünya bazarına 305 milyon ton neft ixrac etmiş, SOCAR-a 48 milyard kubmetrdən çox səmt qazı verilmiş və ümumilikdə layihə hesabına 145,8 milyard dollar gəlir əldə edilmişdir.

Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu "Yeni neft strategiyası"nın əsas istiqamətlərindən biri də Azərbaycanın enerji resurslarının dünya bazarına çıxarılması ilə bağlıdır. Bakı-Supsa, Bakı-Novorossiysk neft kəmərləri tankerlə neftin daşınmasını nəzərdə tuturdusa, bu istiqamətdə əsas və həlledici daşınma funksiyasını həyata keçirən boru kəməri məhz Bakı-Tbilisi-Ceyhan müəyyən edildi. Başqa sözlə, dost və qardaş Türkiyə dövlətinin Aralıq dənizi sahilindəki Ceyhan limanı Azərbaycan neftinin dünya bazarına çıxarılması üçün son nöqtə kimi müəyyənləşdirildi. Böyük Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir", ümummilli lider Heydər Əliyevin "Azərbaycan-Türkiyə -bir millət, iki dövlət" fikirləri digər istiqamətlərdə olduğu kimi, enerji sahəsində də iki qardaş dövlətin münasibətlərinin səviyyəsinin göstəricisi oldu.

İlk dəfə bu kəmərin əsas ixrac kəməri kimi çəkiləcəyinin tam müəyyənləşməsi 26 aprel 1998-ci ildə Azərbaycan,Gürcüstan və Türkiyə prezidentlərinin Trabzon görüşündə məlum oldu. Bütün bunların nəticəsi olaraq 1999-cu il noyabrın 18-də İstanbulda keçirilən ATƏT-in zirvə toplantısının gedişində İstanbulun Çırağan sarayında xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyətinin əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə nəql edilməsinə dair saziş imzalandı. Saziş Heydər Əliyev, Eduard Şevardnadze və Süleyman Dəmirəl arasında imzalanmışdır. Bakı-Tbilisi-Ceyhan layihəsini dəstəkləmək, Qazaxıstan və Türkmənistan neftini bu layihəyə cəlb etmək üçün ABŞ-ın şahidliyi ilə Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Türkmənistan arasında "İstanbul bəyannaməsi" imzalandı. Bu prosesin məntiqi davamı kimi 2002-ci il sentyabrın 18-də Səngəçalda Bakı-Tbilisi-Ceyhan kəmərinin inşasına başlanıldı. Bununla da ümummilli lider Heydər Əliyevin müəllifi olduğu "Yeni neft strategiyası"nın ən mühüm uğuru olan Bakı-Tbilisi-Ceyhan kəməri reallığa çevrilmiş oldu.

Boru kəmərinin tikintisi 2003-cü ildə, onun neftlə doldurulması isə 2005-ci il mayın 18-də başlanmışdır. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı və iyunun 4-də neftlə yüklənmiş ilk tanker buradan yola salındı və bir ay sonra iyulun 4-də İtaliyaya çatdı. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Bu mərasimdə 650-yə yaxın yüksək səviyyəli qonaq iştirak etdi. Başqa sözlə, qonaqların sırasında 32 ölkənin dövlət və hökumət başçısı, xarici işlər və energetika nazirləri var idi.

Onu da xüsusi olaraq qeyd edək ki, BTC dünyada ən uzun kəmərlərdən biridir. Onu "XXI əsrin İpək yolu" adlandırırlar. Kəmərin ümumi uzunluğu 1768 km-dir. Onun ən uzun hissəsi Türkiyə ərazisinə düşür-1076 km. 443 km Azərbaycan, 249 km isə Gürcüstan ərazisinı əhatə edir. Müəllifi ülu öndər Heydər Əliyevin olduğu "neft diplomatiyası" Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İti fəhmi və diplomatik məharəti hesabına Prezident İlham Əliyevin son 17 il ərzində ölkəmizin və eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatı istiqamətində atdığı şoxkombinasiyalı siyasi gedişləri heyranlıq doğurur. Məhz belə unikal siyasi kursun nəticəsi olaraq 2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Sazişi Azərbaycan Hökumətinin, SOCAR-ın, BP, "Chevron", "Inpex", "Statoil", "ExxonMobil", "TP", "Itochu" və "ONGC Videsh" şirkətlərinin rəsmiləri imzaladı. Sazişə əsasən BP layihənin operatoru olaraq qaldı. Saziş Milli Məclis tərəfindən həmin ilin oktyabrın 31-də ratifikasiya olundu Nəticədə "Azəri-Çıraq-Günəşli" nəhəng neft yatağının işlənilməsində yeni dövr başlandı. Yeni Sazişin ölkəmiz üçün çox böyük əhəmiyyəti vardır,çünki "Azəri-Çıraq-Günəşli" neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılmışdır. Bu Saziş Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış saziş də ölkəmizin maraqlarını tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə Saziş imzalandı. Bu Sazişin "Yeni Əsrin müqaviləsi" adlandırılması da təsadüfi deyil. Azərbaycanın gələcək inkişafı, ölkənin maliyyə imkanlarının genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti vardır.

Sazişin bir hissəsi olaraq SOCAR-ın "Azəri", "Çıraq", "Günəşli" yataqlarındakı iştirak payı 11,65 faizdən 25 faizə qaldırıldı və beynəlxalq tərəfdaş şirkətlər Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcəklər. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Beləliklə, ölkənin ümumi mənfəət göstəricisi 89,1 faiz təşkil edəcək ki, bu da gələcəkdə yeni strateji layihələrə başlamağa zəmin yaradacaqdır. Növbəti 33 il müddətində "Azəri",

"Çıraq", "Günəşli" yataqlarına 40 milyard dollardan çox sərmayə qoyulması potensialı vardır. Bu sazişin ardınca, SOCAR və tərəfdaşları arasında "Azəri", "Çıraq", "Günəşli" müqavilə ərazisi üçün əlavə bir hasilat platformasının qiymətləndirilməsi məqsədilə mühəndis-layihə işlərinin irəli aparılması haqqında razılaşma əldə olunmuşdur. Hazırda "Azəri", "Çıraq", "Günəşli" yataqları üzrə tərəfdaşların iştirak payları belədir: BP - 30,37 faiz, "AzACG" (SOCAR) - 25 faiz, "Chevron"- 9,57 faiz, "Inpex" - 9,31 faiz, "Statoil" - 7,27 faiz, "ExxonMobil" - 6,79 faiz, "TP" - 5,73 faiz, "Itochu" - 3,65 faiz və "ONGC Videsh Limited" (OVL) - 2,31 faiz.

Cənab İlham Əliyev müxtəlif obyektiv və subyektiv çətinliklərin öhdəsindən məharətlə gələrək 2006-cı ilə "Bakı-Tbilisi-Ceyhan, 2007-ci ildə "Bakı-Tbilisi-Ərzurum" kimi nəhəng neft və qaz marşrutlarının reallaşmasına nail oldu. Dövlət başçısının qeyd etdiyi kimi, "neft kəmərlərinin, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi də tarixi hadisə idi. Təkcə ona görə yox ki, ilk dəfə olaraq Xəzər dənizinin nefti Aralıq dənizinin bazarlarına çıxarılırdı. Eyni zamanda, ona görə ki, bu kəmər yeni bir yol, yeni bir dəhliz açdı". Söhbət ilk növbədə "Cənub" qaz dəhlizindən gedir. Onun yaradılması istiqamətində ilk addım olaraq 2011-ci ildə Avropa Komissiyası ilə Azərbaycan arasında Strateji əməkdaşlıq və enerji sahəsində Anlaşma Memorandumu, növbəti ildə isə TANAP-ın çəkilişinə dair Azərbaycan və Türkiyə arasında tarixi saziş imzalandı. Bu prosesdə ən əsas həlqəlardan biri sərmayə qoyuluşu ilə bağlı idi. 2013-cü ildə bu məsələ də öz müsbət həllini tapdı. "Şahdəniz-2" layihəsinə investisiya qoyuluşuna dair qərar qəbul edildi. 2014-cü ildə isə "Cənub" qaz dəhlizinin Bakıda təməlqoyma mərasimi keçirildi. 2015-ci ildə Qarsda TANAP-ın təməlqoyma mərasimi oldu. 2016-cı ildə anoloji addım TAP layihəsi ilə bağlı atıldı. Nəhayət, 2018-ci il mayın 29-da "Cənub" qaz dəhlizinin, iyunun 12-də isə TANAP-ın rəsmi açılış mərasimləri oldu. 2019-cu ilin 30 noyabr tarixində isə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılışı oldu. TAP üzrə işlər özünün yekun mərhələyə daxil olmuşdur.

Prezident İlham Əliyev "Cənub" qaz dəhlizi layihəsinin uğurunu təmin edən səbəblərdən bəhs edərkən xüsusi olaraq aşağıdakı amilləri ön plana çəkmişdir: "Birincisi, bu layihə enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və azad rəqabəti özündə ehtiva edir. İkincisi, bu layihədə istehsalçı, istehlakçı və tranzit dövlətlər arasında balans yaratmağa nail olmuşuq. Yəni burada uduzan tərəf yoxdur. Üçüncüsü, siyasət və enerji bir-birindən ayrı olmalıdır. Enerji siyasi alət kimi istifadə edilməməlidir. Hesab edirəm ki, "Cənub" qaz dəhlizi sazişində göstərdiyimiz nümunə nümayiş etdirir ki, enerji ilə siyasət ayrılanda uğur əldə edilə bilər."

Ölkəmizin uğurlarını gözü götürməyən, qarayaxma və iftiralarla dövlətimizin müsbət beynəlxalq imicinə kölgə salmaq istəyən ermənipərəst qüvvələr və onlarla əlbir olan bəzi siyasi dairələr iddialar irəli sürürdülər ki, Azərbaycanın nefti tükənmişdir və xarici neft şirkətləri tezliklə öz ölkələrinə qayıdacaqlar. Qeyd edilən mərasimində Prezident İlham Əliyevin çıxışında səslənən təkzibedilməz arqumentlər və yeni kontraktin imzalanması faktı əleyhdarlarımızın yuxusuna haram qatmış oldu. Bundan sonra da enerji təhlükəsizliyi sahəsində qazanacağımız növbəti uğurlar xarici və daxili qaragüruhçuların hələ uzun müddət yuxularını ərşə çəkəcək.

Həmin uğurlardan biri də avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Qarabağ" yatağının dayaq blokunun dənizə yola salınması mərasimində qoyuldu. Cənab Prezidentin qeyd etdiyi kimi, "Qarabağ" yatağının dəniz işlərinə start verildi. Bu yataq müstəqillik dövründə Azərbaycanda kəşf edilmiş birinci neft yatağıdır. "Azəri", "Çıraq", "Günəşli" yataqları sovet dövründə kəşf edilmişdir. "Şahdəniz" və "Abşeron" yataqları qaz-kondensat yataqlarıdır. Neft yatağı olaraq bu, birinci yataqdır və bu nəhəng qurğu Xəzər dənizində inşa edilmiş ən böyük qurğudur."

"Qarabağ"yatağından 2022-ci ilin sonunda ilk qaz və ilk neft çıxarılmalıdır. Yatağının neft potensialı 60 milyon ton səviyyəsində qiymətləndirilir. Hasilata gəldikdə isə, bu yataqdan ildə ən azı 1,5 milyon ton neft və 1,5-1,8 milyard kubmetr qaz hasil edilməsi proqnozlaşdırılır. Gələn il isə "Abşeron" qaz-kondensat yatağından ilk qazın hasilatı gözlənilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi,

"Abşeron" yatağının işlənilməsinin iki mərhələsi olacaqdır. Birinci mərhələ nəticəsində 1,5 milyard kubmetr qaz hasil ediləcək və bu qaz Azərbaycanda istehlak olunacaq. Çünki artan sənaye potensialımız diktə edir ki, bizə əlavə resurslar lazımdır. Ona görə 1,5 milyard kubmetr qaz ölkə daxilində istehlak olunacaq. Eyni zamanda "Abşeron" yatağının ikinci mərhələsinin başlanmasına da yaxınlaşırıq. Orada hasilatın 3-4 dəfə artıq olacağı proqnozlaşdırılır. Bu da ölkəmizin qaz potensialına müsbət təsir göstərəcəkdir.

Bütün bunlardan savayı, "Şəfəq-Asiman" yatağı üzrə də işlər qrafik üzrə gedir, qazma işləri aparılır. Mütəxəssislərin ilkin rəyinə görə, orada təqribən 400-500 milyard kubmetr həcmində qaz ehtiyatının mövcudluğunu qeyd olunur Sonda Prezident İlham Əliyevin böyük əminliyindən qaynaqlanan fikirlərlə ölkəmizin çağdaş enerji təhlükəsizliyi ilə bağlı təhlilimizi yekunlaşdırırıq: "Azərbaycan öz doğma torpağına, Qarabağ torpağına qayıdacaq. Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş "Qarabağ" yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Elman Nəsirov, deputat Trend.Az