Vətəndaşları narazı salan "xırda məmurlar" Get filan vaxt gələrsən...


Digərləri 20 Sen 2020 12:08:00 225 0

Vətəndaşları narazı salan "xırda məmurlar"  Get filan vaxt gələrsən...

Ölkəmizdə korrupsiya, rüşvətxorluq, bürokratiya, süründürməçilik və digər bu kimi neqativ halların aradan qaldırılması əsas hədəflərdən biri olsa da, hələ də bəzi xırda "məmurlar" bu siyasətə qarşı çıxaraq vətəndaşları narazı salmağa çalışırlar.

Prezident tərəfindən həyata keçirilən dərin islahatlarla ədalətli idarəçilik sisteminin daha da gücləndirilməsi, vətəndaş məmnunluğunun təmin edilməsini başlıca vəzifələrdən biri kimi qarşıya qoyulduğu bir zamanda bəziləri öz vəzifələrindən istifadə edərək vətəndaşlar arasında narazılıq yaradırlar.

Bu narazılıqlar xüsusən sənəd işlərində meydana çıxır. Bəzi rüşvətxorlar vətəndaşların hüquqlarını bilməməsindən istifadə edərək onların haqlarını tapdalayıb, işlərini maksimum gecikdirməyə çalışırlar. "Hörmət" etməyəndə, hüquqlarını tələb edəndə "Get, filan vaxt gələrsən" ifadəsinə müraciət edən bu şəxslər vətəndaşları narazı salaraq prezidentin siyasətinə kölgə salırlar.

Son vaxtlar avtomobil qəzalarının sayının artması ilə əlaqədar olaraq vətəndaşların DYP və polis idarələrinə müraciətləri çoxalıb. Əvvəllər qəzanın sxemi, günahkar tərəfin qeyd oldunduğu sənədlərin verilməsində narazılıqlar yaransa da, hazırda bu məsələ də müəyyən qədər öz həllini tapıb. Belə ki, artıq qəzanın sxemi 10 gün ərzində onlayn şəkildə sistemə yüklənir, vətəndaşla polis arasındakı münasibət minimuma endirilir.

Amma xəsarətlə nəticələnən qəza baş verdikdə vəziyyət dəyişir. Bu zaman "forma 4" arayışı onlayn şəkildə sistemə yüklənmir və bəzən süründürməçilik halları yaşanır. Hətta bu sənədin onlayn şəkildə sistemə yüklənməməsini fürsət bilənlər süründürməçilik edərək vətəndaşları narazı salıb, rüşvətxorluq, bürokratiya, süründürməçilik və bu kimi digər neqativ hallarla bağlı islahatlara qarşı çıxırlar.

Bu kimi neqativ hallar təkcə qəzalarla bağlı deyil, bir çox sənəd işlərində meydana çıxır. Müraciət edən şəxslərin səbrsizliyindən, hüquqlarını bilməməsindən yararlanan bu fürsətcillər vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı görülən işləri heçə sayaraq çirkin əməllərini davam etdirirlər.

Prezidentin bürokratiya, süründürməçilik və bu kimi digər neqativ hallarla mübarizə sahəsində həyata keçirdiyi islahatlara qarşı çıxaraq vətəndaşlar arasında narazılıq yaradanlar sərt şəkildə cəzalandırılmalı, ölkə başçısının da çıxışlarında qeyd etdiyi kimi vətəndaş məmnunluğu maksimum həddə çatdırılmalıdır.

Umarlı Son.az