"Tofiq Yaqublu bu aclıq aksiyası nəticəsində dünyasını dəyişərdisə..."


Siyasət 19 Sen 2020 10:44:00 140 0

"Tofiq Yaqublu bu aclıq aksiyası nəticəsində dünyasını dəyişərdisə..."

""Müsavat" partiyasının üzvü Tofiq Yaqublunun dünən məhkəmə qərarı ilə onun həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını Azərbaycan dövləti və məhkəmə hüquq sistemi tərəfindən atılmış humanist bir addım kimi dəyərləndirirəm".

Bunu Son.az-a açıqlamasında Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov deyib.

Sədr müavini bildirib ki, dövlət başçısının Tofiq Yaqublunun Bakıda olan özəl klinikalardan birində müalicəsinin davam etdirilməsi üçün razılıq verməsi, onun növbəti humanist qərarı idi:

"Bildiyiniz kimi, bir neçə ay öncə Tofiq Yaqublu məlum avtomobil qəzasına görə cinayət məsuliyyətinə cəlb olunmuşdu. Məhkəmə onun haqqında 4 il 3 ay həbs qəti imkan tədbiri seçilmişdi. Məhkəmənin qərarı ilə azadlıqdan məhrum olunmuşdu, amma Tofiq Yaqublu məhkəmənin qərarına etiraz olaraq bir neçə gün idi aclıq aksiyasına başlamışdı. Tanınmış həkim Adil Qeybullanın Azərbaycan Respublikasının dövlət başçısına etdiyi müraciət nəticəsində dövlət başçımız humanist bir qərar verərək Tofiq Yaqublunun Bakıda olan özəl klinikalardan birində müalicəsinin davam etdirilməsi üçün razılıq verilmişdi. Əslində, bu məsələyə də çox humanist yanaşma idi, çünki əgər belı olmasaydı Tofiq Yaqublu pentensiar xidmətin xəstəxanalarından birində də müalicə oluna bilərdi. Amma yenə deyirəm, bu, dövlət başçımızın humanist bir qərarı idi". 

A.Abdulkərimov qeyd edib ki, bəzi siyasi qaragüruhçular Tofiq Yaqublunun bu aclıq aksiyası nəticəsində dünyasını dəyişməsindən öz məqsədləri üçün yararlanmağı planlaşdırırdılar:

"Adil Qeybulla da bu məsələdən əziyyət çəkən insanlardan biri oldu. Belə ki, Tofiq Yaqublunun "siyasi" həmfikirləri kimi özlərini qələmə verən bəzi qüvvələr bu məsələdə Adil Qeybullanı da hədəfə aldılar və onu kifayət qədər təhqirə, böhtana məruz qoydular. Buradan da belə nəticə çıxır ki, bəzi siyasi qaragüruhçular bu məsələlərdən də öz siyasətləri üçün divident qazanmaq məqsədi ilə istifadə edirlər, hətta bəziləri düşünürdü ki, Tofiq Yaqublu bu aclıq aksiyası nəticəsində dünyasını dəyişərdisə onlar daha çox bu məsələlərdən yararlanacaqdılar və Azərbaycan iqtidarının üstünə gedəcəkdilər.

Şükürlər olsun ki, Azərbaycan dövləti yenə də bu qaragüruhçu dəstənin arzusunu ürəyində qoydu. Həm iqtidarda olan, həm də müxalifətdə olan bəzi anti-milli ünsürlərin arzusu ürəyində qaldı. Azərbaycan məhkəmə sistemi humanist qərar verərək Tofiq Yaqublunun cəzasını ev dustaqlığı ilə əvəz etdi. Tövsiyyə edirəm ki, insanlar siyasətlə məşğul olan zaman belə məsələlərdən öz siyasi məqsədləri üçün yararlanmasınlar, insanların sağlamlıqları üzərindən, həyatlarının təhlükəsi üzərindən siyasət qurmaq olmaz. Və bir daha Azərbaycan məhkəmə siteminin verdiyi qərarı humanist qərar kimi dəyərləndirirəm və bu kimi presidentlərin olmamasını arzu edirəm".

Təhməz Əsədov