"Tofiq Yaqublunun həbs hökmü də, ev dustaqlığı qərarı da hüquqi və humanist xarakterlidir"


Siyasət 18 Sen 2020 18:59:00 137 0

"Tofiq Yaqublunun həbs hökmü də, ev dustaqlığı qərarı da hüquqi və humanist xarakterlidir"

"Tofiq Yaqublunun barəsində ev dustaqlığı qərarı kənardan qanunsuz siyasi təzyiqlər yolu ilə məhkəmə praktikasını yönəltməyin mümkünsüzlüyünü bir daha sübut etdi".

Bunu Son.az-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, həbs hökmünün verildiyi ilk günlərdən Azərbaycandakı bəzi qüvvələr hökmün guya siyasi xarakterli olduğunu qabartmağa və Tofiq bəyin azadlığa buraxılmasını bəzi beynəlxalq təşkilatlarla radikal daxili siyasi qüvvələrin birləşmiş gücünün nəticəsi kimi qələmə verməyə çalışırdılar: "Çox yolverilməz və anlaşılmaz bir təzahürdür ki, ölkədə bəziləri, hətta Tofiq bəyə məişət və siyasi müstəvidə yaxın hesab edilənlər bu gərginliyin və aclıq aksiyasının daha çox davam etməsində maraqlı olduqlarını göstərir, Yaqublunun azadlığa çıxmaq imkanlarını daha çox hüquqi müstəvidə axtarmaq əvəzinə onu intihar aktının davam etdirilməsinə sövq edirdilər. Radikal siyasi dairələrdən fərqli olaraq ölkənin ziyalılarını, medianı, QHT sektorunu əhatə edən sivil qüvvələr hüquq qaydalarını və dövlət başçısının humanizm prinsiplərinə söykənən metodikasını əsas götürən yola üstünlük verdilər. Beləliklə, milli hüquq sisteminin kamilliyi və dövlət başçısının humanist metodikası hesabına Tofiq Yaqublunun məhkəmə hökmünün dəyişdirilməsi mümkün oldu. Məlum radikal qüvvələrin Yaqublunun azadlığa çıxmasını siyasi təzyiqlərlə bağlaması həqiqətə uyğun deyil. Tofiq Yaqublunun ev dustaqlığına çıxmasını mümkün edən iki əsas faktor radikal qüvvələrin iddialarından mütləq olaraq yuxarıda dayanır. Bunlar milli hüquq sisteminin imkanları və dövlət başçısının humanist yanaşmalar metodudur".

"Həbsdə olduğu günlərdə onunla tam qanuni davranışlar, görüşlərinə imkan yaradılması və hətta mülki xəstəxanada nəzarətə alınması Tofiq Yaqubluya xüsusi düşmən münasibətin olmadığını və onun barəsində 4 il 3 aylıq həbs hökmünün əsaslandırılmış olduğunu da göstərdi. Məlum qüvvələrin ilk məhkəmə hökmünün guya əsassız olduğu barədə rəylər bildirməsinin də əsası yoxdur. Sadəcə nümayiş etdirildi ki, obyektiv ictimai çağırışlar və dövlət başçısının humanizmi hətta tam əsaslı çıxarılmış məhkəmə hökmlərinin də dəyişdirilməsinə əsaslar yarada bilər. Tofiq Yaqublunun həbs hökmü də, ev dustaqlığı qərarı da hüquqi və humanist xarakterlidir", - A.Quliyev deyib.

Bəxtiyar Umarlı