Ağadadaş Ağayev İstanbul səfərindən danışdı: “Mən dedim ki, belə gündə mahnı oxumayacağam” MÜSAHİBƏ


Şou-biznes 18 Sen 2020 18:39:00 232 0

Ağadadaş Ağayev İstanbul səfərindən danışdı: “Mən dedim ki, belə gündə mahnı oxumayacağam”  MÜSAHİBƏ

Son.az müğənni, Xalq artisti Ağadadaş Ağayevin oxu.az-a müsahibəsini təqdim edir:

- Biz sizi qatı futbol azarkeşi kimi də tanıyırıq. Dünənki "Neftçi" - "Qalatasaray" oyunu ilə bağlı fikirlərinizi öyrənmək maraqlı olardı...

- Açığı, bu mövsüm həmin matçadək "Neftçi"nin oyununu izləməmişdim. Amma bilirdim ki, son oyunda "Sumqayıt"a 0:2 uduzublar. Yeni transferlərini də tanımırdım. Amma "Qalatasaray"ın hansı mövqelərə transfer etdiyini bilirdim. "Qalatasaray"ın qələbə qazanmaq potensialı böyük idi. Elə gözlədiyimiz kimi də oldu. "Neftçi" də pis oynamadı. Rəqibi nəzərə alsaq, 3:1 hesabı normaldır. Yusuf Lavalın vurduğu top sağ dirəyin yanından keçdi. Orada qol olsaydı, fərqli də ola bilərdi.

- Azərbaycanda hansı komandanın azarkeşisiniz?

- İlk azarkeşlik etdiyim komanda "Neftçi" olub. "Neftçi" 1966-cı ildə bürünc medal qazananda mənim 10 yaşım vardı. Məncə, o bizim futbolumuzun ən parlaq səhifəsi olub. Sonrakı "Neftçi" nəslindən Yunis Hüseynov, Nazim Süleymanov, Asif Əliyev, Qurban Qurbanov dostlarımdır. Hamısının toyunda mən oxumuşam. Uşaq vaxtı SSRİ millisinə azarkeşlik edirdik. Deyirdik ki, bizim millidir. İndi dərk edirik ki, boş-boşuna azarkeşlik etməklə vaxt keçirmişik... Müstəqillik illərində indi ən çox "Qarabağ"a azarkeşlik edirəm. "Qarabağ"ın penaltilər seriyasında "Molde"yə uduzması mənə çox pis təsir etdi.

- Türkiyədə hansı komandaya simpatiyanız var?

- Elə "Qalatasaray"a. "Neftçi" nə qədər mənim üçün doğmadırsa, bir o qədər də "Qalatasaray" mənə doğmadır. "Neftçi" və "Qalatasaray" oynadığı üçün qəribə hisslər keçirirdim. İlk dəfə bilmirdim ki, nəyə baxıram. Amma bilirdim ki, burada qardaşlıq qalib gələcək. Mənə elə gəldi ki, dostluq qazandı. Hesab edək ki, iki komandamız Çempionlar Liqasının finalına çıxıb. Kimin qalib gəlməsi fərq etmir ki?!

Bir də mən stadionun tərtibatı, bəzədilməsi ilə məşğul olanlara öz təşəkkürümü bildirmək istəyirəm. Ulu Öndərin, cənab Prezidentimizin, Mustafa Kamal Atatürkün, Rəcəp Tayyip Ərdoğanın müdrik sözləri tribunalara böyük hərflə yerləşdirilmişdi. Bununla bütün dünyaya mesaj verildi ki, Azərbaycan - Türkiyə qardaşlığı daimidir. Biz doğrudan da bir millət, iki dövlətik. Ümumiyyətlə, dünən stadiondakı ab-hava bizim illərdir gözlədiyimiz çox gözəl bir mənzərənin təzahürü idi.

- 1990-cı ilin yanvarında "Neftçi" İstanbula səfər edərkən siz də həmin səfərdə olmusunuz. Orada sizdən başqa, hansı sənət adamları olub?

- Səkinə İsmayılova, Əlibaba Məmmədov, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının ovaxtkı solisti Raziyyə Şirinova həmin səfərdə vardı.