Yüz minlərlə insan təhlükədə:


Digərləri 18 Sen 2020 18:06:00 232 0

Yüz minlərlə insan təhlükədə:

Şəhərin müxtəlif yerlərində, xüsusən də tikinti gedən ərazilərdə iri həcmli qaldırıcı kranlar var. Və bu kranların altından hər gün yüzlərlə, minlərlə insan keçir. Hər keçən insanın içində bir qorxu olur və sual yaranır ki, bu kranlar aşa bilərmi?

Son.az bildirir ki, ARB TV-də yayımlanan "Günə doğru" verilişində məsələ ilə bağlı ətraflı süjet yayımlanıb.

Bir neçə gün əvvəl paytaxtın Nəsimi rayonundakı tikintilərdən birində aşan kran yaxınlıqdakı avtomobillərə və binaya ziyan vurdu. Kran operatorunun həyatını itirdiyi son hadisə göstərdi ki, hər gün ətrafından keçdiyimiz kranların heç də hamısı təhlükəsiz deyil. Hər an başımıza aşa bilər.

İman Məmmədov - Kran mühəndisi: "Düzdür, hadisə oldu. O hadisədə kran operatorunun heç bir günahı yox idi, bu, işin təhlükəsiz qurulmasından asılı olan bir məsələdir".

Ekspertlər bildirir ki, kranların aşmasının əsas səbəbləri normadan artıq yük qaldırma və texnikanın düzgün qurulmamasıdır.

Anar Məlikov - Ekspert: "Ən birinci hər hansı bir yükqaldırma avadanlığı istifadə edilməzdən öncə biz onun texniki sazlığından əmin olmalıyıq. Avadanlıqlar texniki təhlükəsizlik baxımından sertifikatlaşdırılmış və yoxlanmış bir avadanlıq olmalıdır".

İkinci əsas faktor kranı idarə edən şəxslərin peşəkar olmasıdır.

Sahil Mənsimov - FHN rəsmisi: "Kran idarəçiləri bilavasitə həmin sahə üzrə təlimat keçməli, kurs keçməli, sertifikatla təmin olunmalıdır. Onların bilikləri 12 aydan bir təkrar yoxlanmalıdır".

Rafael Nağıyev - Kran ilməkçisi: "Bəli, sertifakatım var. İldə bir dəfə yoxlama zamanı gedib yoxlanışdan keçirik. Keçə biliriksə, möhür vururlar, işimizə davam edirik".