Pərviz Şahbazov: Azərbaycan etibarlı tərəfdaş kimi qlobal enerji təhlükəsizliyi sisteminin ayrılmaz hissəsinə çevrilib
Digərləri 18 Sen 2020 17:58:00 183 0
26 il əvvəl imzalanmış "Əsrin müqaviləsi" ilə Azərbaycanda və ümumən regionda yeni bir dövr başlandı.
Son.az Trend-ə istinadən bildirir ki, bunu Energetika naziri Pərviz Şahbazov Yeni Azərbaycan Partiyasının İcra Katibliyində "Əsrin müqaviləsi" və Azərbaycanın müasir reallıqları" mövzusunda videokonfransda deyib.
Nazir bildirib ki, bu, öz mahiyyətinə görə müstəqillik tariximizin ən mühüm hadisələrindən idi. Nazirin sözlərinə görə, bu gün Azərbaycanın dünyada tutduğu yer 26 il əvvəlkindən çox fərqlənir:
"Azərbaycan müstəqillik yollarında ilk kövrək addımlarını atan, zəif, qeyri-sabit, sosial-iqtisadi həyatı tənəzzülə məruz qalmış bir ölkədən bu gün regionun liderinə, qlobal enerji-kommunikasiya layihələrinin müəllifinə, beynəlxalq aləmdə yüksək nüfuza malik davamlı inkişaf edən bir dövlətə çevrilib. Ölkəmizi bu səviyyəyə yüksəltmiş nailiyyətlərin təməlində isə məhz "Əsrin müqaviləsi" durur. 1991-ci ildə müstəqilliyin əldə edilməsi Azərbaycanın artıq öz taleyinə sahib olmasının rəsmi təsdiqi idisə, "Əsrin müqaviləsi" də bunun əməli sübutu idi. Bununla xalqımız neçə onilliklərdən sonra artıq öz halal sərvətlərinin sahibinə çevrildiyini və bu sərvətdən xoşbəxt gələcəyi üçün ən səmərəli şəkildə faydalanmaq əzmini, bacarığını ortaya qoydu. Ümummilli Lider Heydər Əliyevin qətiyyəti, yüksək nüfuzu və uzaqgörənliyi sayəsində "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycana Xəzər dənizinin karbohidrogen ehtiyatlarının beynəlxalq əməkdaşlıq əsasında uzunmüddətli işlənməsini, nəhəng neft-qaz şirkətlərinin qabaqcıl təcrübəsindən, yeni texnologiya və investisiyalarından istifadəni təmin etdi".
P.Şahbazov qeyd edib ki, enerji layihələri Azərbaycanı etibarlı tərəfdaş kimi qlobal enerji təhlükəsizliyi sisteminin ayrılmaz hissəsinə çevirdi. "Əsrin müqaviləsi"nin töhfəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsi ilə regionda enerji marşrutlarının şaxələndirilməsi ideyasını da məhz Azərbaycan reallaşdırdı. Daha sonra "Şahdəniz" qaz yatağı ilə bağlı imzalanmış saziş, həmçinin Bakı-Tbilisi-Ərzurum qaz ixrac boru kəmərinin çəkilməsi, ardınca Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi də bu istiqamətin davamı oldu. Enerji marşrutlarının şaxələndirilməsi, enerji təhlükəsizliyi kimi hədəflərin Azərbaycanda necə uzaqgörənliklə proqnozlaşdırıldığı müasir dünyamızın reallıqlarında öz təsdiqini tapdı".
Nazirin sözlərinə görə, "Əsrin müqaviləsi"nin bütün bu davam edən uğurları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü enerji siyasətinin, bu siyasətin icrasında Azərbaycan neftçilərinin fədakar əməyinin, eyni zamanda beynəlxalq neft şirkətləri ilə səmərəli əməkdaşlığımızın, etibarlı tərəfdaşlığımızın töhfələridir. Beləliklə, ötən bu 26 il ərzində xarici tərəfdaşlarla birgə işimizin bəhrələri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi sayəsində üç il əvvəl "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsi ilə bağlı Sazişin müddətinin 2050-ci ilədək uzadılması ilə bu müqavilə, əslində, "İki əsrin müqaviləsi" statusu qazanmış oldu".
Hazırda dünya miqyasında ziddiyyətli, mürəkkəb və risklərlə dolu proseslərin cərəyan etdiyini deyən P.Şahbazovun sözlərinə görə, bəşəriyyəti yeni çağırışlarla üzləşdirən koronavirus pandemiyası mövcud geosiyasi nizamda və dünyanın enerji mənzərəsində ciddi dəyişikliklərə əsas verir: