Penitensiar Xidmət: Məhkəmə Tofiq Yaqublu barəsində humanistlik göstərərək həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib


Digərləri 18 Sen 2020 17:16:00 148 0

Penitensiar Xidmət: Məhkəmə Tofiq Yaqublu barəsində humanistlik göstərərək həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib

Mətbuatda məlumat verildiyi kimi, məhkəmənin hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Tofiq Yaqublu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin saxlanıldığı 3 saylı istintaq təcridxanasında 02.09.2020-ci il tarixdən yemək qəbulundan imtina edib, bununla əlaqədar səhhəti həkim nəzarətinə götürülərək o, təcridxananın tibb məntəqəsinə köçürülüb.

Son.az bildirir ki, Penitensiar Xidmətdən Trend-ə daxil olan məlumata görə, eyni zamanda, xahişi ilə şəxsən tanıdığı mülki sektorun həkimi Adil Qeybullanın konsultasiyası təşkil edilmiş, A.Qeybulla onun səhhətinə gündəlik nəzarət edilməsi və müalicəsinin aparılması üçün çalışdığı xəstəxanaya - "City Hospital"a köçürülməsini xahiş edib.

Bununla əlaqədar T.Yaqublunun səhhətinə qayğı və həssaslıqla yanaşılaraq, o, 12.09.2020-ci il tarixdə həmin xəstəxanaya yerləşdirilib.

17.09.2020-ci il tarixdə T.Yaqublu "City Hospital"da TƏBİB-in və Ədliyyə Nazirliyinin Tibb xidmətinin həkimləri tərəfindən birgə müayinə olunmuş və vəziyyətinin orta ağırlıqda stabil olduğu müəyyən edilib

Hazırda T.Yaqublunun fizioloji göstəriciləri normal olsa da, o, əsasən yataqdadır, başgicəllənmədən, ümumi halsızlıqdan şikayət edir. Hazırkı durumu onun məhkəmə prosesində iştirakına çətinlik törədir.