Azərbaycanda özəl sektorun diaqnostikasının hazırlanması müzakirə olunub FOTO


Digərləri 17 Sen 2020 15:36:00 138 0

Azərbaycanda özəl sektorun diaqnostikasının hazırlanması müzakirə olunub  FOTO

"Azərbaycanda özəl sektorun diaqnostikasının hazırlanması" mövzusunda onlayn görüş keçirilib.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, görüşdə Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Dünya Bankı və Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyasının hava daşımaları, logistika, gömrük məsələləri üzrə ekspertləri, eləcə də Komitənin aidiyyəti struktur bölmələrinin nümayəndələri iştirak edib.

Tədbirin məqsədi ticarətin asanlaşdırılması və sərhəd idarəçiliyi prosesində gömrük orqanlarının həyata keçirdiyi islahatlar, koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə və onun özəl sektora təsirlərinin minimallaşdırılması, o cümlədən biznesin inkişafı məsələlərinin müzakirəsindən ibarət olub.

Görüşdə DGK sədrinin müavini Cavad Qasımov bildirib ki, Dövlət Gömrük Komitəsi ilə Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası arasında sıx əməkdaşlıq münasibətləri var. Bu münasibətlər yüksələn xətlə inkişaf etməkdədir. Qeyd olunub ki, gələcəkdə gömrük rəsmiləşdirilməsi və səlahiyyətli iqtisadi operator sahəsində, ümumilikdə ticarətin inkişafına təsir edəcək birgə layihələrin həyata keçirilməsi planlaşdırılır.

Cavad Qasımov koronavirus pandemiyasının sürətlə yayılmasının qarşısının alınması və fəsadların aradan qaldırılması, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində gömrük xidmətinin gördüyü işlər barədə də məlumat verib. Bildirilib ki, pandemiya ilə bağlı sualların cavablandırılması üçün Dövlət Gömrük Komitəsinin Çağrı Mərkəzində "Qaynar xətt"in fasiləsiz iş rejimində fəaliyyəti təşkil edilib. Koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün nəzərdə tutulan malların gömrük-sərhəd buraxılış məntəqələrindən prioritet qaydada keçidi təmin olunur və ölkə ərazisindən həyata keçirilən beynəlxalq yük daşımalarına, o cümlədən idxal və tranzit əməliyyatlarına hər hansı məhdudiyyət qoyulmur.

Dövlət Gömrük Komitəsinin layihələrindən də söhbət açan Cavad Qasımov informasiya texnologiyalarının tətbiqi, logistikanın inkişafı, "Yaşıl dəhliz" buraxılış sistemi, elektron xidmətlər və digər yeniliklərlə bağlı məlumat verib. Hazırda gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi prosesinin tam avtomatlaşdırıldığı, gömrük bəyannamələrinin təqdim edilməsi, gömrük ödənişlərinin həyata keçirilməsi, gömrük orqanlarına müraciətlərin izlənilməsi kimi xüsusi əhəmiyyəti olan xidmətlərin tam kağızsız texnologiyalar əsasında qurulduğu diqqətə çatdırılıb.

Görüşdə Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) tətbiqi və Ticarətin Asanlaşdırılması Mərkəzinin fəaliyyəti barədə də məlumat verilib.