Qəbələyə çəkilən dəmir yolu xətti ilin sonunadək işə düşə bilər


Digərləri 17 Sen 2020 13:59:47 145 0

Qəbələyə çəkilən dəmir yolu xətti ilin sonunadək işə düşə bilər

"Azərbaycan Dəmir Yolları" QSC Ləkidən Qəbələyə çəkilən dəmir yolunu bu ilin sonunadək istismara verməyi planlaşdırır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə QSC-dən bildiriblər. Layihə çərçivəsində aparılan tikinti işlərinin artıq 82 faizi tamamlanıb:

"Qəbələyə çəkilən biryollu xətt öz başlanğıcını Bakı - Böyük Kəsik dəmir yolu xəttinin Ləki stansiyasından götürür. Yeni salınmış dəmir yolu xəttinin yan yollarla birlikdə ümumi uzunluğu 44,5 km təşkil edir.

Yolun layihələndirmə işlərinə xarici ekspertlər cəlb olunub, tikinti işləri isə yerli mütəxəssislər tərəfindən aparılıb. Qəbələyə çəkilən yolun keçdiyi ərazilər asan relyefə malik olmadığından bu xəttin çəkilməsi dəmiryolçulara böyük zəhmət və çətin sınaqlar hesabına başa gəlib. Tikintisi iki ildir davam edən yolda 7 ədəd körpü, 6 ədəd avtomobil tuneli, 1 ədəd yolötürücü, 2 ədəd heyvan keçidi, 106 ədəd suötürücü boru kimi süni mühəndisi qurğular tikilərək başa çatdırlıb.

Bundan başqa, yolda elektrik dirəkləri və 1 ədəd dartı yarımstansiyasının tikintisi tamamlanıb və kontakt şəbəkəsinin quraşdırılması üçün son işlər davam etdirilir. Bu yolda kəsintisiz 800 metrlik relslərdən istifadə olunub ki, bu da sərnişinlərin komfortlu səyahət keçirməsinə, eləcə də səs çirklənməsinin qarşısının alınmasına hesablanıb. Yolda təhülkəsizliyi təmin etmək üçün ümumi uzunluğu 85 000 paqon metr olan metal hasar da çəkilir".