Belarus XİN ermənilərin Qarabağa qanunsuz köçürülməsi barədə məlumatlandırıldı


Siyasət 17 Sen 2020 12:52:00 162 0

Belarus XİN ermənilərin Qarabağa qanunsuz köçürülməsi barədə məlumatlandırıldı

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlardan geri çəkilib, hər cür vəchlə status-kvonu saxlamağa çalışır, beynəlxalq hüquq normalarına və prinsiplərinə zidd olaraq demoqrafik vəziyyəti dəyişmək üçün Suriyadan və Livandan erməni ailələrini qeyri-qanuni şəkildə Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov bu ölkənin Xarici İşlər nazirinin yeni təyin edilmiş birinci müavini Aleksandr Quryanovla görüşündə məlumat verib.

Səfir, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinə dair, o cümlədən iyulun 12-16-da Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinin ölkəmizin ərazisinə qəflətən hücumu, bu təxribatın əsas səbəb və məqsədləri barədə geniş məlumat verib. L.Qəndilov vurğulayıb ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz tikinti işləri aparır, tarixi abidələrimizi kütləvi surətdə məhv edərək tarixi saxtalaşdırmağa çalışır.

Görüş zamanı Azərbaycan-Belarus münasibətlərinin iqtisadi-ticari sahədə əsas istiqamətləri müzakirə edilib.

Eyni zamanda, tərəflər beynəlxalq təşkilatlar və inteqrasiya birlikləri çərçivəsində ölkələrimiz arasında əməkdaşlığı və birgə tədbirlərin keçirilməsi ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparıblar.