Bakıda gəlini və qonşusundan şübhələnən qayınata qətlə yetirilib


Kriminal 17 Sen 2020 13:19:00 156 0

Bakıda gəlini və qonşusundan şübhələnən qayınata qətlə yetirilib

2018-ci il avqustun 20-si saat 13 radələrində Ramana qəsəbəsində yaşayan Kamran Tağı-zadə istifadəsindəki mobil telefondan DİN "102" mərkəzinə zəng edərək atasının qətlə yetirildiyini və evin qarət olunduğunu bildirib. 

Son.az baku.tv-yə istinadən bildirir ki, daxil olan məlumat inzibati əraziyə nəzarət edən Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə verilib və əməliyyat qrupu hadisə yerinə yollanıb. Qonaq otağında, divanın üzərində oturaqlı, qana bulaşmış vəziyyətdə kişi meyiti aşkar edilib. 

Məlum olub ki, mərhum 85 yaşlı Əkrəm Tağı-zadədir. Ağır cinayət əməllərini törətdiyinə əsaslı şübhələr olduğuna görə qəsəbə sakini Sakit Mirzəyev həmin gün saxlanılıb. 

Sabunçu rayon prokurorluğunda ilkin olaraq Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Əkrəm Tağı-zadənin ölümünə - açıq, qəlpəli sınıqlarla əlaqədar beyin maddəsinə qansızma səbəb olub. İstintaqla müəyyən edilib ki, avqustun 20-si saat 10 radələrində Sakit Mirzəyev qonşusu Əkrəm Tağı-zadənin yaşadığı Ramana qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən nömrəsiz evdə olarkən sonuncunun ona gəlini Tahirə Tağızadə ilə aralarında intim münasibətləri olması barədə məlumatının olduğunu deyib, iradını bildirib.

Bunu bəhanə edən Mirzəyev xuliqanlıq niyyəti ilə Tağı-zadəni öldürmək qərarına gəlib. Bu məqsədilə özünün yaşadığı evin həyətinə qayıdıb. Dolabdan əmək alətini götürüb və yenidən qonşusunun evinə gedib. Seçdiyi əzabverici üsulla fiziki imkanlarına görə müqavimət göstərmək iqtidarında olmayan Əkrəm Tağı-zadənin baş nahiyəsinə alətlə ardıcıl zərbələr vuraraq, zərərçəkmişi qəsdən öldürüb. İş üzrə dindirilmiş Sakit Mirzəyev bildirib ki, qonşuluqda yaşayan Əkrəm Tağı-zadəni və onun ailə üzvlərini 2016-cı ildən tanıyıb, hadisədən 4 ay qabaq Əkrəmin oğlu Kamran və arvadı Tahirə ilə onun həyat yoldaşı Mükafatın arasında münasibətlər pisləşib. Belə ki, sonuncu Sakitin Əkrəmin gəlini ilə münasibətinin olduğunu düşünərək, onlarla dalaşıb. Buna görə 12-ci polis şöbəsində araşdırma aparılıb.