Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb


Digərləri 16 Sen 2020 21:59:00 137 0

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb.

İcmadan Son.az-a verilən məlumata görə, bəyanatda deyilir:

"Ermənistan həm özü, həm də Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı qondarma qurumun dili ilə ölkəmizə qarşı təxribatçı bəyanatlar verməkdə davam edir.

Qondarma rejimin "başçısı" münaqişənin tənzimlənməsi üçün 7 "prinsip" irəli sürdüklərini bildirib.

Bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan da əsassız və təxribatçı 7 prinsip ilə çıxış etmişdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vurğulamışdı ki, biz yalnız bir şərt irəli sürürük: Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır.

İcma olaraq bildiririk ki, Ermənistan heç bir vəchlə dünya ictimaiyyətini aldada bilməz. Həqiqət ondan ibarətdir ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 1/5-ni işğal edib, etnik təmizləmə törədib, 1 milyona qədər azərbaycanlını öz doğma yurd-yuvalarından didərgin salıb və həyata keçirdiyi təcavüzü gizlətmək üçün işğal olunmuş torpaqlarımızda cinayətkar rejim yaradıb.

Cəzasızlıqdan və həyasızlıqdan qaynaqlanan bu "prinsiplər" tamamilə qəbuledilməzdir. Münaqişənin tərəfi Ermənistan və Azərbaycan, maraqlı tərəfləri isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarıdır. Danışıqların formatı dəyişə bilməz.