Deputat: Bütün sahələr üçün ixtisaslı kadr hazırlığını təmin edən peşə təhsilinin rolu əvəzsizdir


Digərləri 16 Sen 2020 15:40:00 126 0

Deputat: Bütün sahələr üçün ixtisaslı kadr hazırlığını təmin edən peşə təhsilinin rolu əvəzsizdir

Hər bir ölkənin iqtisadi və digər sahələrdə inkişafını şərtləndirən ən mühüm amillərdən biri də məhz savadlı, bacarıqlı və hazırlıqlı kadrların olmasıdır. Bu cür ixtisaslı kadrlar olmadan istənilən sahədə inkişaf və tərəqqidən danışmaq olduqca çətindir. Bu baxımdan, iqtisadiyyatın bütün sahələri üçün ixtisaslı kadr hazırlığını təmin edən peşə təhsilinin rolu əvəzsizdir.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, peşə təhsili ölkənin sosial-iqtisadi inkişafına təkan verən aparıcı təhsil pilləsidir. A.Həsənova vurğulayıb ki, peşə təhsili eyni zamanda işsizliyin və yoxsuluğun aradan qaldırılmasına, gənclər arasında məşğulluğun təmin edilməsində mühüm rol oynayır:

"Bu baxımdan, cənab Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Təhsil Mərkəzinin açılması çox önəmli hadisədir. Bu həm də onu göstərir ki, peşə təhsil sisteminin inkişafına yönəlik islahatlar uğurla davam edir.

Ölkəmizdə son illər sənaye sahəsində əldə edilən uğurlar, yeni müəssisələrin yaradılması yeni ixtisaslı kadrlara tələbatı xeyli artırıb. Əlbəttə ki, bu tələbatın yerli kadrlar hesabına təmin edilməsi çox vacib önəm daşıyır. Ölkənin iqtisadi inkişaf strategiyasında peşə təhsilinin prioritet rolu nəzərə alınaraq, 2016-cı ildə ölkə Prezidentinin fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb, peşə təhsili və təliminin inkişafı üzrə strateji yol xəritəsi təsdiq edilərək icrasına başlanılıb".

A.Həsənova bildirib ki, yeni kadrların hazırlanması bugünki iqtisadi inkişafımıza və dövrün tələblərinə uyğun həyata keçirilməlidir:

"Məlumdur ki, son illərdə iqtisadi inkişaf nəticəsində ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində ixtisaslı kadrlara tələbat artmaqda davam edir. Bu kadrlara tələbat olduğu və boş iş yerləri olduğu halda peşə uyğunsuzluğu səbəbindən işsiz insanlar həmin işlərdə çalışa bilmirlər. Beləliklə həm o iş yerləri boş qalır, həm də insanlar işsiz qalır. Bu baxımdan yeni peşə təhsil müəssisələrinin yaradılması davam etdirilməlidir. İxtisaslı kadrların olması həm də ölkəmizin idxaldan asılılığını azaldır.

Cənab Prezident İlham Əliyev açılış zamanı vurğuladı ki, daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin edilməlidir. Dövlət başçısı qeyd etdi: "Burada Sumqayıt şəhərinin və xüsusilə Kimya Sənaye Parkının mühüm rolu var. Çünki son illərdə bu işləri görməklə buna böyük dərəcədə müvəffəq olmuşuq. İndi əsas işimiz ondan ibarətdir ki, baxmalıyıq, harada bizdə idxaldan asılılıq daha böyükdür və bunu əvəzləmək mümkündürsə, bunun üçün xammal varsa, yaxud da texniki-iqtisadi əsaslandırma buna imkan verirsə, mütləq həmin sahələrə böyük diqqət göstərilməlidir".

A.Həsənova deputat seçildiyi Suraxanı rayonunda da peşə təhsili müəssisənin yaradılmasına ehtiyac olduğunu qeyd edib: "Hazırda ölkənin peşə təhsili sistemində ümumilikdə 118 (onlardan 109-u Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan peşə təhsili müəssisələridir) təhsil müəssisəsindən 1-i Peşə Litseyi, 11-i Peşə Təhsil mərkəzi olmaqla 12-sinin Bakı şəhərinin müxtəlif rayonlarında (Qaradağ, Nəsimi, Səbail, Xəzər, Nizami, Nərimanov, Sabunçu, Xətai və Binəqədi), bəzi hallarda bir rayonda 2 və ya daha çox olduğu halda əhailisi 210 000 nəfərdən çox olan Suraxanı rayonu ərazisində belə bir təhsil müəssisəsi mövcud deyil. Orta hesabla rayonumuzun ümumtəhsil müəssisələrindən 1 tədris ili ərzində 2000 nəfər şagird məzun olduğu halda onların təxminən 60-70 faizi tələbə adını qazanır ki, bu da hər il peşə təhsilinə cəlb olunmasını zəruri gənclərin sayının 800-ə yaxən olması deməkdir.

Bu baxımdan "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nə əsasən 2025-ci ilədək inşası nəzərdə tutulmuş müasir standartlara cavab verən yeni peşə təhsili müəssisələrindən müəyyən sayda Suraxanı rayonun əsazisində də tikilməsi məqsədəuyğundur".

Son.az