Azərbaycan və Türkiyə helikopterləri Naxçıvan şəhəri üzərində birgə uçuşlar keçirib


Siyasət 15 Sen 2020 20:01:00 192 0

Azərbaycan və Türkiyə helikopterləri Naxçıvan şəhəri üzərində birgə uçuşlar keçirib

Sentyabrın 15-də Bakının Qafqaz-İslam Ordusu tərəfindən erməni-bolşevik birləşmələrindən azad edilməsinin 102-ci ildönümü münasibətilə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin Naxçıvan şəhəri üzərində birgə uçuşları təşkil olunub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, bundan əvvəl birinci mərhələsi keçirilən "Sarsılmaz qardaşlıq-2020" Azərbaycan-Türkiyə birgə təlimi və bu gün təşkil olunan uçuşlar Azərbaycan və Türkiyə qardaşlığının, hərbi birliyinin nümunəsidir.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Türkiyə Silahlı Qüvvələrinin hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəsi albay Mustafa Günhan, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri Naxçıvan şəhərindəki Şəhidlər xiyabanını, Türk şəhidləri abidəsini və Ana fəryadı xatirə heykəlini ziyarət ediblər.

Helikopterlərin keçidi ilə Azərbaycan və Türkiyə Respublikalarının dövlət bayraqları nümayiş etdirilib. Bu zəfər bayramında ümummilli liderimiz Heydər Əliyevin "Bir millət, iki dövlət" dahi kəlamının fəlsəfəsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz və əbədi olduğunu göstərir.