Dönər biznesi ilə məşğul olan qida obyektləri sağlamlaşdırılır


Digərləri 15 Sen 2020 13:24:00 207 0

Dönər biznesi ilə məşğul olan qida obyektləri sağlamlaşdırılır

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması məqsədilə ƏƏSMN yanında Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxs, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) publik hüquqi şəxs və ABAD-la birlikdə dönərxanaların sağlamlaşdırılması layihəsinə start verib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qeydiyyat və sahibkarlarla əməkdaşlıq şöbəsinin müdiri Orxan Mikayıl dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması məqsədilə icrasına başlanılan yeni layihəyə həsr edilmiş konfransda deyib.

Onun sözlərinə görə, yeni layihənin məqsədi dönər biznesi ilə məşğul olan müxtəlif qida obyektlərinin texniki normativ hüquqi aktların tələblərinə və beynəlxalq standartlara uyğun şəkildə qurulmasını təmin etməkdir. Müvafiq sahədə qida təhlükəsizliyinin gücləndirilməsi və sahibkarların sağlam rəqabətə təşviq edilməsi imkanlarını genişləndirmək baxımından da layihə böyük əhəmiyyətə malikdir.

O.Mikayıl qeyd edib ki, layihənin icra müddətinin 2020-2021-ci illər üzrə dövrü əhatə etməsi planlaşdırılır. İlkin olaraq paytaxt ərazisində 10, digər şəhər və rayonlarda da 10 obyekt olmaqla, ümumilikdə 20 dönər biznesi ilə məşğul olan müəssisənin sağlamlaşdırılması nəzərdə tutulur. Layihə üzrə tələb olunan sənədlərin, qrafik-dizayn işlərinin, idarəetmə üçün nəzərdə tutulmuş nəzarət cədvəllərinin tərtib olunması, təlim materiallarının hazırlanması, təmir və ya yenidənqurma işlərinin aparılması, lazımi avadanlıqlarla təchizat, qida təhlükəsizliyi üzrə işçi heyətin təlimatlandırılması, həmçinin keyfiyyətə nəzarət məqsədilə dövri yoxlamaların aparılması kimi tədbirlər Qida Təhlükəsizliyi Agentliyi və Agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən həyata keçiriləcək.

ƏƏSMN yanında Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxs tərəfindən layihə çərçivəsində həmin qida obyektləri fəaliyyəti üçün lazımi avadanlıqlarla təmin ediləcəkdir. Bununla yanaşı həmin müəssisələrdə həssas təbəqədən olan insanların ən az iki il müddətində əmək müqaviləsi ilə işə başlaması da nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) publik hüquqi şəxs layihə çərçivəsində dönər obyektlərinin güzəştli kommunikasiya və reklam xidmətlərini, habelə sahibkarların təlim strategiyası üzrə biznes planlarının hazırlanmasını təmin edəcək.