Polis zorakılıq edərsə...


Dünya 15 Sen 2020 12:49:33 178 0

Polis zorakılıq edərsə...

Onlar ölsələr, qatili mütləq şəkildə edam cəzası gözləyir. Bu rəzaləti dayandırmağın yeganə yolu məhz budur!

ABŞ prezidenti Donald Tramp Twitter-dəki akkauntunda belə yazıb. O, Kaliforniya ştatındakı Kompton şəhərində iki polis əməkdaşına atəş açılması ilə bağlı olayı şərh edib.

Komptonda qaradərili şerifin yardımçılarının olduğu maşına yaxınlaşaraq atəş açıb. İki polis zabiti ağır yaralanıblar. Onlar şəhər hospitalına yerləşdiriliblər.

Hospitalın qarşısına isə yüzlərlə qaradərili toplaşaraq "Ölün! Gəbərin! Bu polislər ölməlidir!" bağırıblar.

Həmin qaradərililər "Balck Lives Matter" ("Qaradərililərin həyatı önəmlidir") hərəkatının tərəfdarlarıdır.

Birləşmiş Ştatlardakı polislər isə "Mavilərin həyatları önəmlidir" ("Blue Lves Matter") adlı hərəkata başlayıblar. Amerikalı polislərin forması mavi rəngdədir və ölkəni başına almış iğtişaşlarda hüquqlarının qorunmasını tələb edirlər.

ABŞ-da polis zorakılığı ilə qaradərililərin zorakılığı üzləşib. Hər iki tərəf bir-birini suçlayır, hər iki tərəf sonadək mübarizə aparacağını deyir. Ölkə şəhərlərində polislərlə qaradərililər arasında amansız qarşıdurmalar, toqquşmalar artıq adi hala çevrilib. Polislər aksiya keçirən qaradərililəri döyür, onlara qarşı dəyənəklərdən və bibər qazından istifadə edir, şübhəli bildiklərinə isə atəş açırlar.

Qaradərililər də cavabında maşınları və binaları yandırır, polislərə hücum edirlər.

Lakin qaradərililərin əsas hədəfləri "ağ"lardır.

Ümumiyyətlə, seçkilərin keçirilməsinə 47 gün qaldığı dönəmdə ABŞ-da durum fəlakət, faciə, eyni zamanda tragikomediya kimi dəyərləndirilə bilər.

Nyu-Hempşir ştatındakı Çeşir bölgəsində isə Aria Di Messo yerli şerif, yəni polis rəisi seçkilərinə namizəd kimi qeydə alınıb. Şəffaf və açıq elektroal proses zamanı o, rəqiblərini üstələyib.

Çeşirlilər, yumşaq desək, çox təəccübləniblər. Çünki Ariya satanist, transvestist və anarxistdir.

Ariya seçkilərə bu şüarlarla qatılmışdı: "Rədd olsun polislər! Narkotik maddələr leqallaşdırılsın! Bütün miqrantlar leqallaşdırılsın! Fahişəlik leqallaşdırılsın!"

Ən maraqlı məqam isə odur ki, Ariya seçkilərdə Respublikaçılar Partiyasının siyahısının tərkibində qatılıb. Bu partiya isə mühafizəkar mövqelidir, anarxistlərlə satanistlərə "isti" münasibəti ilə seçilmir.

İş ondadır ki, səsverməyə iki gün qalmış respublikaçıların namizədi qəflətən mübarizədən imtina edib. Demokratlar Partiyasında isə boş yer olmadığından Ariya respublikaçıları "seçib". Çeşirlilər də, sadəcə, adətlərinə uyğun olaraq respublikaçılara səs veriblər, siyahıda kimlərin olduğuna o qədər də diqqət verməyiblər.

Pensilvaniyada gəncə rezin güllə ilə atəş açaraq onu ağır yaralayan polis zabiti də diqqətsiz davrandığını söyləyib.

Gənc ömürlük əlil qalıb, onu şikəst edən polisə isə heç bir cəza verilməyib.

Ümumiyyətlə, polislə aksiya iştirakçıları arasındakı qarşıdurmalar, xüsusilə də polisin amansız davranışı, sadəcə, ABŞ-da yox, Avropada da aktivləşib.

Fransada uzun sürən fasilədən sonra "sarı jiletlilər"in etiraz aksiyaları başlanıb. Paytaxt Parisin mərkəzinə yığılmış minə yaxın "sarı jilet"linin aksiyasını polis dəyənəklər və gözyaşardıcı qaz tətbiq etməklə dağıdıb. 286 nəfər saxlanılıb.

"Sarı jiletlilər" Fransa prezidenti Emmanuel Makronun vergi qanunvericiliyinə etdiyi əlavələr və dəyişikliklərə qarşı etiraz edirlər.

Fransa DİN-nin yaydığı rəsmi məlumata görə, ölkə üzrə aksiyalarda təqribən 8500 nəfər iştirak edib.

Xatırladım ki, "sarı jiletlilər"in aksiyaları zamanı polisin xüsusi vasitələrdən, yəni su şırnaqlarından, gözyaşardıcı qazdan, işıq və səs qumbaralarından, rezin güllələrdən və s. istifadə etməsi nəticəsində onlarla vətəndaş əlil olub.

Eyni vəziyyət Almaniyada da müşahidə olunur. Aşağı Saksoniya əyalətindəki Braunşveyq şəhərində etiraz aksiyasına çıxmış almaniyalılara qarşı polis itlərdən, dəyənəklərdən və gözyaşardıcı qazdan istifadə edib.

... "Police brutality"" - bu, beynəlxalq hüquqda polis zorakılığı anlamını verir. Zorakılıq tək küçə aksiyalarında insanlara qarşı tətbiq edilən qeyri-adekvat güc deyil.

Polis zorakılığı həm də hüquq-mühafizə orqanlarının əməkdaşlarının subyektə qarşı ifrat və ya əsassız güc tətbiq etmələri, qorxutmağa çalışmaları, fiziki və ya verbal təhqirə yol vermələri, fiziki və mənəvi travma vurmaları, maddi itki, fiziki xəsarət və ya ölümə səbəb olmalarıdır.

Amma beynəlxalq hüquq-müdafiə və insan haqları təşkilatları sadalanan problemlərin, olayların, daha konkret olsaq, ifrata çatmış zorakılıqların heç birini görmür, görmək istəmir.

Əvəzində isə "hədəf" sayılan ölkələrdə, o cümlədən Azərbaycanda polisin qanuni tələblərinə tabe olmayanlara qarşı görülən tədbirlər "vəhşət və dəhşət" kimi qələmə verilir, məişət cinayətlərinə və hətta adi hüquq pozuntularına görə tutulanlar, saxlananlar az qala avtomatik "siyasi məhbus" elan olunurlar.

Beynəlxalq hüququn kor və kar olduğu dönəmdə yaşayırıq.

Elçin Alıoğlu Son.az