"Beynəlxalq hüquqmüdafiə təşkilatlarının Azərbaycana ikili standartla yanaşması faktdır"


Siyasət 15 Sen 2020 11:06:00 169 0

"Beynəlxalq hüquqmüdafiə təşkilatlarının Azərbaycana ikili standartla yanaşması faktdır"

Bəzi beynəlxalq təşkilatların digər ölkələrə, o cümlədən ilk növbədə Azərbaycana ən müxtəlif məsələlərlə bağlı ikili standart çərçivəsində yanaşması mübahisəsiz bir faktdır və bu fakt özünü o qədər parlaq və aydın şəkildə göstərir ki, artıq dünyada bunun mövcudluğunu inkar edən ciddi bir instansiya yoxdur.

Bunu Son.az-a açıqlamasında  "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, Beynəlxalq təşkilatların, ABŞ-ın və bəzi Avropa dövlətlərinin müxtəlif ölkələrdə insan haqları ilə bağlı yanaşmalarında bu ikili standart özünü aşkar şəkildə göstərir:

"Hətta beynəlxalq təşkilatların bəzilərinin, ayrı-ayrı dövlətlərin, Qərb dövlətlərinin müxtəlif ölkələrin siyasətində özünü göstərən konkret məsələlərə ikili standart çərçivəsində yanaşması bir çox hallarda artıq son dərəcə açıq, qərəzli və sanki bu ölkələrə acıq verirlərmiş kimi bir açıq forma almaqdadır. Bu isə o deməkdir ki, ikili standart siyasəti həmin ölkələrin timsalında təsadüfi rast gəlinən təzahür deyil. Bu, müxtəlif ölkələrə münasibətdə artıq seçilmiş və tətbiq olunan uğurlu taktikadır. Diqqət edirsinizsə, Azərbaycan kimi bizim regionda yerləşən digər ölkələrdə, məsələn, Ermənistanda insan haqları ilə bağlı vəziyyət daha dözülməz bir həddə gəlib çatdığı halda, yeni hakimiyyətin bütün siyasi rəqiblərini məhv etməsinin bir fakt kimi ortada olmasına baxmayaraq həmin ölkəyə lazımi tənqidi münasibət göstərilmir və sanki heç nə olmamış kimi bu hadisələrin üstündən keçirlər. Amma Azərbaycan kimi ölkələrdə isə adi faktların üstünə elə yürüyürlər ki, elə bil ki, bəşəriyyət üçün böyük bir fəlakət baş verib.

Xüsusilə insan hüquqlarını müdafiə edən beynəlxalq təşkilatların, ABŞ-ın və bəzi Avropa dövlətlərinin müxtəlif ölkələrdə insan haqları ilə bağlı yanaşmalarında bu ikili standart özünü aşkar şəkildə göstərir. Biz dəfələrlə görmüşük ki, Qərb ölkələrində kütləvi aksiyalara, dinc etirazlara qalxan insanlara qarşı hansı zorakılıqların tətbiq olunmağına baxmayaraq, demək olar ki, bu faktların obyektiv və hüquqi  çərçivədə qiymətləndirilməsi faktlarına biz rast gəlmirik". 

Ekspert qeyd edib ki, təxminən 15, 20, 30 il əvvəl Qərb ölkələrinin dünyada insan haqları adı altında apardığı siyasətin reytinqi ilə bugünkü reytinqin arasında yerlə göy qədər fərq var:

"İnsan hüquqlarına münasibətdə göstərilən açıq-aşkar ikili standartın cavabsız qalması başqa sahələrdə də ikili standart siyasətinin ayaq açıb yeriməsinə səbəb olur. Elə bunun nəticəsidir ki, Azərbaycanın məruz qaldığı təcavüz faktının və onun ortadan qaldırılmasına münasibətdə də biz çox ləng davranışın və ikili standart yanaşmanın şahidi oluruq. Elə bu günlərdə Ermənistan işğal edilmiş Azərbaycan torpaqlarında Livandan və Suriyadan gətirilmiş mənşəyi naməlum olan insanları yerləşdirməklə Azərbaycana qarşı təcavüz siyasətinin başqa və daha açıq bir formada davam etdirilməsi təzahürünü ortaya qoyub. Amma buna baxmayaraq ATƏT-in Minsk Qrupunun həmsədrləri Fransada görüşərək Qarabağ problemi ilə bağlı bir bəyanat səsləndiriblər, amma bu böyük fakta, hansı ki Ermənistanın təcavüzünün daha da dərinləşdirilməsinə şərait yaradan bu fakta heç bir münasibət göstərməyiblər. Yaxud da ki, Ermənistanın iyul ayında Tovuzda törətdiyi təxribata, çox təəssüf ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri məhz indi-indi münasibət bildirməyə başlayırlar, o da yarımçıq və kəsərsiz bir  münasibət.

Ümumiyyətlə, Azərbaycana münasibətdə Qərb ölkələrinin və beynəlxalq hüquq-müdafiə təşkilatlarının ikili standartla yanaşması bir faktdır, özünü çox ziyanlı formalarda göstərir və təkcə Azərbaycan dövlətinin mənafelərini və hüquqlarını tapdalamır, eyni zamanda həmin ölkələrin özlərinin artıq Azərbaycanda nüfuz və reytinqlərinə çox böyük zərbə vurur. Dərindən təhlil apardıqda görmək mümkündür ki, təxminən 15, 20, 30 il əvvəl Qərb ölkələrinin dünyada insan haqları adı altında apardığı siyasətin reytinqi ilə bugünkü reytinqin arasında yerlə göy qədər fərq mövcuddur".

Təhməz Əsədov Son.az