Avropa sərt karantinə qayıdır


Digərləri 14 Sen 2020 22:55:00 163 0

Avropa sərt karantinə qayıdır

Son.az ikisahil.az-a istinadən yazını təqdim edir.

Azərbaycanda sərtləşdirilmiş karantin rejimi avqust ayının 5-dən etibarən yumşalmalarla əvəz olunmaqdadır. Bu həftədən etibarən, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti (şənbə, bazar günləri istisna olmaqla) bərpa edilib, çimərliklərdə ictimai-iaşə obyektlərinin fəaliyyətinə icazə verilib. Bununla da, koronavirusa yoluxma ehtimalının ən çox olduğu ictimai-iaşə, pərakəndə ticarət obyektlərindən sonra Bakı Metropoliteni də əhalinin ixtiyarındadır.

Düzdür, sözügedən sahələrdə fəaliyyət karantin qaydalarının tələblərinə əməl edilməsinə əsaslanır. Əks təqdirdə, tələblərə əməl etməyənləri gözləyən cərimələrin məbləği heç də az deyil. Lakin ictimai-iaşə, pərakəndə ticarət obyektlərinə, həmçinin ictimai nəqliyyatda qaydalara əməl edilib-edilməməsinə tam nəzarət etmək mümkün deyil. Bu mənada yoluxanların sayının yenidən artması da istisna deyil.

Yeri gəlmişkən, Avropa ölkələrində koronavirusa yoluxmada artım müşahidə olunmaqdadır. Bu isə ölkələri yenidən sərt karantinə getməyə məcbur edir.

Fransada virusun sürətlə yayıldığı və qrup yoluxmalarının çoxalması səbəbindən ölkənin 42 departamenti qırmızı zona elan edilib. Həmçinin İsrail hökuməti koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün sərt karantin rejiminin üç həftə müddətinə bərpasına qərar verib. Böyük Britaniyada da koronavirusa yoluxma hallarında artım baş verdiyi üçün qaydalar yenidən sərtləşdirilir. Qadağa bütün yaş qruplarını, ictimai yerləri, pub və restoranlar kimi yerləri əhatə edir. Eyni zamanda, Avstriyada koronavirusa yoluxma hallarının son həftələrdə artması ölkə üzrə bir sıra məhdudiyyətlərin tətbiqini labüd edib.

Gürcüstanda isə pandemiyanın "ikinci dalğası" elan olunub. Baş nazir Q.Qaxariya bildirib ki, ölkədə epidemioloji vəziyyət pisləşməyə başlayıb. Çexiya hökuməti də ölkədə koronavirusun "ikinci  dalğası"nın başladığını elan edib.

Türkiyədə və Rusiyada yoluxmaların artması məhdudlaşdırıcı tədbirlərin görülməsini zəruri edib.  

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) oktyabr və noyabr aylarında Avropada COVID-19-la bağlı gündəlik ölüm sayında artım olacağını bildirib. Qurumun Avropa üzrə regional direktoru Hans Kluqenin sözlərinə görə, peyvənd də koronavirusun sonu demək deyil: "Peyvəndin bütün əhali qruplarına kömək edib-etməyəcəyini də bilmirik. Hazırda üzərində işlənən peyvəndlərin bir qrup üçün kömək edəcəyi, digər qrup üçün isə effektiv ola bilməyəcəyi barədə bəzi siqnallar alırıq".