Evdən qızıl və pul oğurlayan cinayətkar qrup saxlanıldı VİDEO


Kriminal 14 Sen 2020 15:02:00 188 0

Evdən qızıl və pul oğurlayan cinayətkar qrup saxlanıldı  VİDEO

Şəki Şəhər Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən fərdi yaşayış evindən xeyli məbləğdə pul və qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub. Daxil olmuş müraciətlə əlaqədar olaraq həmin ünvana baxış keçirilib, zərərçəkmişə məxsus evdən 8 min ABŞ dolları, 8 min manat pul və 6 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib. Keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 3 nəfər Şəki şəhər sakini - Elgün Rəsulov, Anar Abdulhəmidov və Səxavət Mustafayev saxlanılıb. Son.az ARB TV-yə istinadən xəbər verir ki, saxlanılan şəxslərin ətrafında aparılan araşdırma zamanı məlum olub ki, E.Rəsulov, A.Abdulhəmidov və S.Mustafayev qabaqcadan əlbir olub, həmin evə oğurluğa girməyi planlaşdırıblar. Onlar ev sahibini və ailə üzvlərini izləyərək, heç kimin olmadığı müddətdə ora daxil olublar. Pul və qızıl-zinət əşyalarını oğurladıqdan sonra isə öz aralarında bölüblər. Səxavət Mustafayev - Saxlanılan şəxs: "Tanışlarım Elvin və Anarla birlikdə əvvəlcədən planlaşdırdığımız şəkildə Şəki şəhər sakini Yusifin evində heç kimin olmamasından istifadə edərək evə girib pul və qızıl götürmüşük. Oğurladıqlarımızı 3 hissəyə böldük". Anar Abdulhəmidov - Saxlanılan şəxs: "Elvin mənə dedi ki, Yusif adlı şəxsin evində pul var gedək götürək. Biz də gedib pulları götürüb sonra da aramızda böldük". Zəfər Cəlilov - Müstəntiq: "Şəki şəhər sakini Yusif Abdullayevə məxsus fərdi yaşayış evindən oğurluq edən şəxslər: Elgün Rəsulov, Anar Abdulhəmidov və Səxavət Mustafayev barəsində cinayət işi açılıb. Onların digər cinayətlərdə də iştirakının olub-olmaması araşdırılır". Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurlanmış qızıl və pul onlardan maddi sübut kimi götürülüb.