Paytaxtda növbəti dezinfeksiya işləri aparıldı


Digərləri 12 Sen 2020 13:32:00 138 0

Paytaxtda növbəti dezinfeksiya işləri aparıldı

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda epidemiyaya qarşı tədbirlərin daha da genişləndirilməsi məqsədi ilə kompleks tədbirlər davam etdirilir.

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, tədbirlər çərçivəsində sentyabr ayinin 12-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə növbəti artıq 12-ci dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib.

Gün ərzində mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılıb. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.

Daxili İşlər Nazirliyinin şəxsi heyəti hər dəfə olduğu kimi 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə gün ərzində keçirilən bu dezinfeksiya işlərində yaxından iştirak ediblər.

Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun Departamentin balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.

Bildirilib ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır. Bu istiqamətdə bütün lazımı tədbirlər həyata keçirilir.