Motosikletçilərə qarşı aqressiyanın səbəbi nədir? Bütün günahı ikitəkərlilərdə görən "komfortlu" təcrübəsizlər...


Digərləri 12 Sen 2020 11:44:00 146 0

Motosikletçilərə qarşı aqressiyanın səbəbi nədir?  Bütün günahı ikitəkərlilərdə görən "komfortlu" təcrübəsizlər...

Ötən gün Bakıda kuryer motosiklet qəzasına düşüb. Onun motosikleti aşıb, ayağı zədələnib. Bəzi saytların yazdığına görə günah motosiklet sürücüsündə olsa da, kuryerin dediyinə görə qəza avtomobilin onu görməzdən gəlməsi səbəbindən baş verib. Belə ki, ikinci zolaqdan sola dönən avtomobil güzgüdən istifadə etmədən hərəkət etdiyinə görə qəzaya səbəb olub.

Son zamanlar motosiklet qəzalarının sayı artıb. Bu, müəyyən qədər şəhərdə moped sürənlərin, karantin rejimi ilə əlaqədar onlayn xidmətin artması ilə bağlıdır. Xüsusən də iş tapmayan şəxslərin ilkin ödəniş 300 manat verərək özlərinə moped alıb, dəbilqəsiz şəkildə, qaydalara riayət etmədən yola çıxması son zamanlar qəzaların artmasına gətirib çıxarır. Mühhərrikinin işçi həcmi 50 kub santimetrdən az olduğuna görə dövlət qeydiyyat nişanı və sürücülük vəsiqəsi tələb etməyən mopedlərin satışı yollarda təcrübəsiz sürücülərin artmasına səbəb olur.

Sürücülər və sosial şəbəkə istifadəçiləri isə bu qəzalarda günahkar tərəfi araşdırmadan birmənalı olaraq motosiklet sürücülərini günahlandırırlar. Hətta, sürücü özü günahkar olduğunu bilsə də, güzgüdən istifadə etmədiyini dilə gətirib, üzr istəməkdənsə günahı motosiklet sürücüsünün üstünə atmağa çalışır. Çünki çoxunun beynində motosiklet təhlükəli texnika kimi formalaşıb. Adi velosiped idarə etməyi bacarmayan, ikitəkərli görəndə yanından 5 metr aralı gəzən şəxslərin motosikletçiləri günahlandırmasında təəccüblü hal yoxdur.

Mopedlə motosikleti ayıra bilməyən şəxslərin günahı ikitəkərlidə görməsi çox normaldır. Çünki yol hərəkəti haqqında qaydaları bilməyənlərin bu iki nəqliyyat vasitəsini ayıra bilməməsi də təbii haldır. Qaydaları bilməyəndə isə qəza törətmək qaçılmaz olur.

Düzdü, bəzi motosiklet sürücüləri olduqca təhlükəli sürürlər, təhlükəli manevrlər edirlər. Bu da onlara qarşı aqresiyanın yaranmasına səbəb olur. Amma bu, onlara qarşı diqqətsizlik etmək, yolda görməzdən gəlmək, vurub, üstəlik də onu "səhv" çıxartmağa çalışmağa haqq qazandırmır.