Təcili yardım briqadaları pandemiya dövründə neçə müraciət icra edib?


Digərləri 12 Sen 2020 11:59:00 134 0

Təcili yardım briqadaları pandemiya dövründə neçə müraciət icra edib?

Koronavirusun Azərbaycanda geniş yayılmasının qarşısının alınması üzrə dövlətin həyata keçirdiyi tədbirlər çərçivəsində tibb müəssisələrinin üzərinə böyük yük düşür.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) baş həkimi Rauf Nağıyev deyib.

Onun sözlərinə görə, Səhiyyə Nazirinin əmri ilə mövcud iş rejimi pandemiya dövrünə uyğunlaşdırılıb: "Pandemiyanın ilk dövrlərində 103 xidmətinin Çağrı Mərkəzinə daxil olan müraciətlərin sayının artması səbəbindən gündəlik növbəyə çıxan təcili yardım briqadalarının sayı artırılıb. Həmçinin, gündəlik xəttə çıxan sanitar avtomobillərin sayı 170-ə çatdırılıb. Hazırda Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 21 bölməsində ümumiyyətlə 2370 nəfərə yaxın həkim və orta tibb heyəti çalışır".

Baş həkim bildirib ki, COVID-19 virusunun yayılmağa başladığı ilk günlərdən etibarən təkcə Bakı şəhəri üzrə deyil, həm də ətraf ərazilərdə yaşayanlar ilk olaraq 103 Çağrı Mərkəzinə müraciət edib:

"Biz Sumqayıt şəhəri və Xırdalan, Masazır, Saray, Ceyranbatan qəsəbələrində yaşayanlara da xidmət göstərdik. Martın əvvəllərində Bakı ilə yanaşı, adını çəkdiyim yerlərdə də yoluxmuş vətəndaşlardan laborator müayinə materiallarının götürülməsi, laborator-çeşidləmə məntəqəsində barkodlaşdırma, xəstələrin hospitalizasiyası işi də bizə tapşırılıb".