Ərəb şeyxinin azərbaycanlı həyat yoldaşı kömək istəyir: “Onlar uşaqlarımı qaçıracaqlar!”


Digərləri 11 Sen 2020 18:22:00 205 0

Ərəb şeyxinin azərbaycanlı həyat yoldaşı kömək istəyir: “Onlar uşaqlarımı qaçıracaqlar!”

Dubay kralının ailəsindən olan şeyxlə ailə həyatı qurmuş azərbaycanlı qadın video müraciətlə çıxış edib.

Son.az Vesti.az-a istinadən xəbər verir ki, video müraciət vasitəsi ilə kömək istəyən qadın iddia edir ki, ərinin yaxınları tərəfindən təqiblərə məruz qalır.

Azərbaycandan olan Zeynəb Cavadlı "Instagram"a yüklədiyi videolarda qeyd edir ki, ərindən ayrılandan sonra doqquz aydır ki, Səid bin Məktum bin Rəşid Əl Məktumun adamları onu təqib edirlər. Qadın iddia edir ki, bu şəxslər onun övladlarını oğurlamağa çalışırlar.

Qeyd edək ki, keçmiş azərbaycanlı gimnast Zeynəb Cavadlı Dünya və Avropa çempionatlarının qalibi, idman ustasıdır.

Z. Cavadlı 2015-ci ildə 23 yaşında 43 yaşlı şeyxlə ailə həyatı qurub. Onların ailəsi doqquz ay bundan öncə dağılıb və Z. Cavadlı kral sarayından ayrılaraq uşaqları və valideynləri ilə yaşadığı şəxsi villasına köçüb.

Z. Cavadlının Səna, üç yaşlı Asiyə və bir yaşı olan Salamə adlı üç qız övladı var.

Qeyd olunur ki, Z. Cavadlının əri öz ölkəsində nüfuz sahibidir. Güllə atıcılığı üzrə keçmiş Olimpiya çempionunun daha iki həyat yoldaşı və 11 uşağı var. Onun iki həyat yoldaşından biri - Nataliya Əliyeva da azərbaycanlıdır.

Videoda Z.Cavadlı şeyxin adamlarının onun evinə gəlməsindən narahatlığını ifadə edir. Keçmiş gimnast video müraciətində vurğulayır ki, övladlarını kənar adamlara verə bilməz, belə bir qanun yoxdur.

Azərbaycanlı qadın son doqquz ayda fiziki və mənəvi istismarla müşahidə olunan təqiblərə məruz qaldığını iddia edir.

"Bunların hamısını şeyxin işlərini idarə edən şəxs həyata keçirirdi. Heç kim mənə kömək etməyə çalışmadı, onlar söylədilər ki, "bu, şeyxin problemidir, biz heç nə edə bilmərik",  - Z. Cavadlı bildirib.