Azərbaycanda əhalinin pərakəndə ticarət şəbəkələrində xərclədiyi pulun məbləği açıqlanıb


Digərləri 11 Sen 2020 17:51:00 126 0

Azərbaycanda əhalinin pərakəndə ticarət şəbəkələrində xərclədiyi pulun məbləği açıqlanıb

2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 24,6 milyard manatlıq, o cümlədən 13,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11,3 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Son.az Trend-ə istinadən bildirir ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,8 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,9 faiz azalmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,3 faiz artıb.

Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 2,2 dəfə çox olmuşdur.

2020-ci ilin yanvar-avqust aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,9 faizi ərzaq məhsullarının, 5,2 faizi içkilər və tütün məmulatlarının, 14,6 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,5 faizi elektrik malları və mebellərin, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 1,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,8 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə istehlak məhsullarının dəyər ifadəsində 22,8 faizi ticarət müəssisələri, 50,8 faizi fərdi sahibkarlar tərəfindən, 26,4 faizi isə bazar və yarmarkalarda satılıb. 2019-cu ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 8,9 faiz, fərdi sahibkarlar üzrə 1,1 faiz artmış, bazar və yarmarkalarda isə 13,7 faiz azalıb.