Çin Azərbaycana yeni yük qatarı göndərib


Digərləri 11 Sen 2020 17:44:00 152 0

Çin Azərbaycana yeni yük qatarı göndərib

Sentyabrın 10-da Çinin şərqindəki Çjetszyan əyalətinin Tszinhua şəhərindən ixrac məhsulları daşıyan 100 konteynerdən ibarət yük qatarı Bakıya yola düşüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu, Çin-Avropa dəmiryol yükdaşımaları çərçivəsində sayca 12-ci marşrutun açılmasını ifadə edir.

Qeyd olunur ki, əsasən dəmir məmulatlar və gündəlik məişət məhsulları ilə yüklənmiş qatar yeni marşrutla Sintszyan-Uyğur muxtar rayonunda Horqos sərhəd-keçid məntəqəsindən sərhədi keçəcək, Qazaxıstanın Xəzər dənizindəki Aktau limanına, buradan bərə ilə Bakının Ələt limanına, daha sonra Heybət stansiyasına çatacaq.

Multimodal marşrutla daşıma müddətinin 15-18 gün çəkəcəyi gözlənilir ki, bu da əvvəlki marşrutlardan təxminən 30 faiz daha sürətlidir.

Hələlik Tszinhuadan Bakıya yalnız birtərəfli reys fəaliyyət göstərir, amma qatarların göndərilməsi tezliyi çoxalacağı təqdirdə, eləcə də stabil yük mənbələri olacağı halda əks istiqamətdə reysin açılması nəzərdən keçirilə bilər.

Statistikaya əsasən, ilin əvvəlindən sentyabrın 10-dək Tszinhuadan 17 286 konteynerli 210 qatar yola düşüb. Avqust ayında 4 719 konteynerli 54 qatar yola salınıb ki, bu da iyul ayı ilə müqayisədə 585 faiz çoxdur.