"Övladlarının təhsili ilə bağlı valideynlərə pandemiyaya görə seçim imkanının verilməsi bir çox ölkələrdə istifadə edilir"


Digərləri 11 Sen 2020 11:48:00 139 0

"Övladlarının təhsili ilə bağlı valideynlərə pandemiyaya görə seçim imkanının verilməsi bir çox ölkələrdə istifadə edilir"

Pandemiya dövründə Azərbaycanda valideynlərə övladlarının hansı formada təhsilə cəlb edilməsi ilə bağlı seçim imkanının verilməsi təcrübəsi bir çox ölkələrdə istifadə edilir.

Son.az bildirir ki, Bunu Trend-ə təhsil eksperti Elçin Süleymanov deyib.

Onun sözlərinə görə, Azərbaycanda da Təhsil Nazirliyi bu məsələdə seçim imkanını valideynlərə verməklə onlarda yarana biləcək narahatlığı aradan qaldırıb:

"Təhsil Nazirliyi bu məsələdə seçimi ona görə valideynlərə buraxır ki, bəzi şəxslər övladlarının məktəbə gedib orada xəstələnə bilməsi ilə bağlı çox narahatlıq keçirə bilərlər. Buna görə valideynlərə seçim verilir ki, ya uşaq məktəbə gəlsin, ya da evdə uşağın tədris prosesinə keyfiyyətli qoşulması üçün imkan varsa, o, onlayn tədrisə cəlb edilsin. Onu qeyd etmək lazımdır ki, bu seçimin edilməsi zərurətdir. İnsan sağlamlığı təhsildən daha əhəmiyyətlidir. Ona görə xəstəlik risklərinin azalması üçün təhsil müəssisələrinin yükünün azalması doğru addımdır. Bu təcrübədən bir çox ölkələr istifafə edir və onların nəticələri ürəkaçandır. Bu təcrübə yeni tədris ilində qonşu ölkələrdə də istifadə ediləcək".

Ekspert qeyd edib ki, valideynlərin ev şəraiti və onların işləyib-işləməməsindən asılı olaraq, övladlarının təhsil prosesinə nəzarət imkanları fərqlidir. Valideynlərin bir hissəsi işlədiyindən onların evdə övladlarının təhsilinə nəzarət etməsi çətin ola bilər. Lakin bütün bunlara baxmayaraq, hazırkı şəraitdə tam onlayn sistemdən hibrid modelə keçmə daha effektiv addımdır. Çünki şagirdlər məktəbə getməklə "sinif atmosferi"ni yaşayırlar, bəzi günlərdə isə evdən - uzaqdan təhsil metodu ilə tədrisə qoşulurlar.

Xatırladaq ki, Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, Təhsil Nazirliyi tərəfindən "Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə" tədris planları təsdiq olunub.