Koronavirusu və vaksini inkar edənlər nə üçün təhlükəlidir?


Digərləri 11 Sen 2020 05:01:00 213 0

Koronavirusu və vaksini inkar edənlər nə üçün təhlükəlidir?

Koronavirus pandemiyası nəticəsində yüz minlərlə insan həyatını itirib. Buna baxmayaraq koronavirusun təhlükəsini hələ də inkar edən və ya ona əhəmiyyət verməyən, bundan daha pisi - anlaşılmaz "sui-qəsd nəzəriyyələri"ni dəstəkləyənlər tapılır. Bu kateqoriyaya aid insanların cinayətkarcasına məsuliyyətsizliyi ciddi təhlükə doğurur.

Səhiyyə sahəsində ekspertlərin yekdil fikrinə görə, virusu inkar edənlər və antivakserlər (yəni, vaksinlərin zərərli olduğunu hesab edənlər) pandemiyaya qarşı mübarizənin səmərəsini azaltmaqla COVID-19-a yoluxma riski qruplarının sayını artıra bilərlər.

Respirator xəstəliklərindən söhbət düşəndə bu qrupa aid insanların sayının artması ciddi fəsadlar doğura bilər. Son.az xəbər verir ki, Sentaqoyat Tədqiqat İnstitutunun virus laboratoriyasının direktoru professor Ferens Yanoş AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində bu fikirlə razılaşdığını bildirib.

Adamların çoxu koronavirusdan qorunma tədbirlərinə ciddi yanaşmır, maska taxmır, sosial məsafəyə riayət etmirlər. Onlar inanmırlar ki, son aylarda yoluxmaların azalması məhz ciddi tədbirlər tətbiq edilməsinin və vətəndaşların intizam qaydalarına riayət etməsinin nəticəsində mümkün olub. Belələri sadəcə hesab edirlər ki, virus prinsip etibarilə yoxdur və guya hökumətlər bu virus bəhanəsindən istifadə edərək panika yaratmaq və ya siyasi kapital toplamaq istəyirlər.

Bütün Avropa İttifaqı məkanında olduğu kimi, Macarıstanda da əmindirlər ki, virusa şübhə ilə yanaşan insanlar qrupu cəmiyyət üçün bəzən virusun özündən daha çox təhlükəlidir. Onlar epidemioloqların tövsiyələrinə əməl etməməklə həm özlərinin sağlamlığını, həm də bütün cəmiyyətin təhlükəsizliyini riskə məruz qoyurlar. Virusu inkar edən yoluxmuş şəxs ictimai nəqliyyatda maska taxmadan asqırmaqla, həmin avtobusdakı adamların demək olar ki hamısını yoluxdurur. Belə bədbəxtlərin bir qismi sonradan sadəcə ölə bilərlər. Məgər bu, "səhlənkarlıq üzündən adam öldürmək" deyilmi?

Antivakserlər də cəmiyyət üçün təhlükə mənbəyidir. Axı, danılmaz faktdır ki, əgər müvafiq vaksinlər olmasaydı, poliomielit, çiçək və qızılca xəstəlikləri minlərlə insanı məhv edərdi. Antivakserlərin populyarlaşması təkcə COVID-19-a qarşı mübarizə dövründə deyil, uzunmüddətli perspektivdə də bütün cəmiyyət üçün təhlükədir. Bunu başa düşmək lazımdır!