Yeni qərar ölkə turizmində yaranan durğunluğa son qoya biləcək?


Digərləri 10 Sen 2020 14:52:00 134 0

Yeni qərar ölkə turizmində yaranan durğunluğa son qoya biləcək?

Turizm Azərbaycan üçün labüd və zəruri olan bir sahə kimi artıq hər ötən gün öz əhəmiyyətini daha çox göstərir. COVİD-19 epidemiyasının iflic duruma saldığı sahələrdən biri də turizm sektoru oldu. Lakin Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə əsasən, karantin şərtlərinin yumşaldılması, bir sıra fəaliyyət sahələrinin bərpası, eləcə də rayonlara giriş-çıxışa tətbiq edilən məhdudiyyət aradan qaldırıldığı üçün uzun müddət fəaliyyət göstərməyən turizm şirkətlərinin yenidən öz işini bərpa etməsi ilə bağlı qərar verildi. Yeni qərar daxili turizmdə yaranan durğunluğa son qoyacağı ümidlərini artırır. 

Bəs pandemiya şəraitində turizm şirkətləri həm böhran vəziyyətindən çıxmağı, həm də vətəndaşların və işçi personalının sağlamlığına xüsusi önəm vermək kimi mühüm vəzifənin öhdəsindən gəlməyi bacaracaq?

Bununla bağlı Son.az Azərbaycan Turizm Agentlikləri Assosiasiyası İdarə Heyətinin üzvü və Ekspertlər Şurasının rəhbəri Göydəniz Qəhrəmanovun fikirlərini öyrənib: 

"Bildiyiniz kimi, mart ayından etibarən turizm sektoru pandemiya səbəbindən tam olaraq fəaliyyətini dəyandırmışdı. Bir neçə ay gözləmədən sonra turizm sənayesi ilk addımlarını atmağa başladı. Son günlər Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsilə sentyabr ayının 8-dən ölkədaxili şəhərlərarası gediş-gəlişə icazə verildi (böyük avtobuslar istisna olmaqla). Bununla yanaşı turizm şirkətlərinin və otellərin sanitar normaları qorumaqla işləmələrinə icazə verildi. Eyni zamanda, bildirmək istəyirəm ki, Dövlət Turizm Agentliyi tərəfindən hazırlanmış "SAHMAN" (Sanitariya və Gigiyena Metodları və Normaları Proqramı) proqramı üzrə Respublikada olan otellərin monitorinqi keçirilir. Bu standartlar otellərdə COVİD-ə yoluxma risklərini azaldır. Vətəndaşlarımız regionlarda rahatlıqla istirahət edə bilərlər.

Getmə turizmdə də ilk addımları görürük, artıq bir neçə ölkəyə birbaşa uçuşlar başlayıb. Hər iki ölkənin razılığı əsasında həyata keçirilən uçuşlar zamanı sərnişinlər mütləq qaydada COVİD testlərinin neqativ cavabından sonra təyyarəyə buraxılır. Aydın məsələdir ki, insanların sağlığı daha vacibdir.  Ümid edirik, yaxın gələcəkdə dünyada pandemiya bitər və gəlmə turizm də öz işinə başlayar. Beləliklə, turistlərin də Azərbaycana yenidən axını reallaşar. Bu məsələlər mərhələli şəkildə öz həllini tapacaq. Buna bir az vaxt lazımdır".

Təhməz Əsədov Son.az