Gənc sahibkarlar mükafatlandırıldı


Digərləri 09 Sen 2020 20:55:00 139 0

Gənc sahibkarlar mükafatlandırıldı

Sentyabrın 9-da dünya kuboku uğrunda yarışan gənc sahibkarların mükafatlandırılması mərasimi baş tutub.

Son.az bildirir ki, 29-30 avqust tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondu və BP şirkətinin təşkilatçılığı ilə "2020-ci il Enactus Azərbaycan Virtual Milli Yarışı" keçirilmişdir. Final mərhələdə iştirak edən 16 komandadan 4-ü yarışın finalına vəsiqə qazanmış və məhz onlar arasından qaliblər və nominasiyalar üzrə mükafatçılar yarışın idarə heyətinin üzvləri tərəfindən seçilmişdir.

Mükafatlandırma mərasimində Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Nadir Aydınov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Rəşad Əzizov iştirak edərək, qalib komandaların hər birinə kubok, sertifikatlar, komanda kapitanlarına hədiyyələr və nominasiyalar üzrə seçilmiş komanda üzvlərinə hədiyyələr təqdim etmişlər.

Bu ilki yarışın qalibi seçilən Bakı Dövlət Universitetinin komandası cari ilin sentyabr ayında virtual şəkildə keçiriləcək "Enactus Dünya Kuboku 2020"də ölkəmizi təmsil etmək hüququ qazanıb.

1975-ci ildə ABŞ-da təsis edilən "Enactus" proqramı indiyədək 72 mindən artıq iştirakçını əhatə edib və hər il 1.3 milyon insanın həyatını müsbət istiqamətdə dəyişir.