Qrip və koronavirusa eyni anda yoluxmaq mümkündür


Digərləri 09 Sen 2020 17:41:00 143 0

Qrip və koronavirusa eyni anda yoluxmaq mümkündür

Respirator infeksiyaların baş qaldırdığı payız ayları pandemiya dövründə mövcud təhlükəni daha da artıracaq. Payız fəsli tənəffüs yolu infeksiyalarının aktivləşdiyi dönəmdir. Xüsusilə də, payız aylarında qrip virusunun yayılması ilə sıx qarşılaşırıq. COVİD-19 infeksiyasının başlanğıcı da eyni qrip əlamətləri ilə, yəni, yüksək temperatur, quru öskürək və halsızlıq ilə başlayır. COVİD-19 infeksiyası üçün risk qrupunda olan insanlar eyni zamanda qrip virusu üçün də risk qrupundadır. Koronavirusa yoluxan insan üçün qripə yoluxmaq vəziyyəti daha da ağırlaşdıra bilər.

İnsanları bu dönəmdə qripi koronavirusla səhv salmamaq üçün düzgün mütəxəssis rəyləri düşündürdüyü bir məqamda ortaya başqa bir sual çıxır - Qrip və koronavirusa eyni anda yoluxmaq mümkündürmü?

Bununla bağlı həkim-infeksionist Məmmədova Nilufər Son.az-a açıqlama verib:

"Qrip və digər respirator xəstəliklərə, həmçinin, COVİD 19-a eyni vaxtda yoluxmaq mümkündür. Ancaq qeyd etməliyəm ki, bütün yoluxmalar xəstələnmə ilə nəticələnmir. Bu barədə araşdırmalar davam edir. Yəni, hər 2 virusa eyni anda yoluxmanın necə mümkün olması, bunlardan hansı törədicinin xəstəliyə səbəb ola biləcəyi barədə dəqiq bir söz demək mümkün deyil. Azərbaycanda isə ümumiyyətlə belə bir hal qeydə alınmayıb".

Qeyd edək ki, Cənubi Koreya Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi koronavirus pandemiyasının ikinci dalğasının yayılma ehtimalına qarşı hərəkətə keçib. Mərkəz bu istiqamətdə koronavirusla mövsümi qripi eyni anda test edə bilən, dolayısı ilə bir-birinə çox bənzəyən simptomları ayırd edən test kiti hazırlamaq niyyətindədir. Test kiti Qida və Dərman Təhlükəsizliyi Nazirliyinin təsdiqini gözləyir. Təsdiqin qrip mövsümündən əvvəl alına biləcəyi vurğulanır.

Təhməz Əsədov Son.az