"Heç kəs bizim əvəzimizə gəlib Qarabağda vuruşmayacaq"


Siyasət 01 Sen 2020 13:26:00 216 0

"Heç kəs bizim əvəzimizə gəlib Qarabağda vuruşmayacaq"

"Ermənistan çalışır ki, Livan ermənilərinin kapitallarına yiyələnsin"

Ermənistan rəhbərliyinin ağlı kəssəydi, onlar anlayardılar ki, Livandan erməniləri Qarabağ bölgəsinə köçürmək çox lazımsız və qeyri-real bir plandır.

Bunu Son.az-a açıqlamasında "Cənubi Qafqaz" Politoloqlar Klubunun rəhbəri Tofiq Abbasov deyib.

O bildirib ki, Ermənistan bu minvalla çalışır ki, Livan ermənilərinin kapitallarına yiyələnsin:

"İlk növbədə, ona görə qeyri-real bir plandır ki, orada yaşayan ermənilər gərgin şəraitdə yaşamağın nə olduğunu bilirlər. Yağışdan çıxıb yağmura heç vaxt getməyəcəklər. Ermənistan bu minvalla çalışır ki, birincisi, Livan ermənilərinin kapitallarına yiyələnsin ki, onlar investisiyalarını gətirib Ermənistana oturtsunlar. Digər tərəfdən onların hesabına çalışır demoqrafiya böhranını aradan qaldırsın. Çünki Ermənistanı normal düşüncəyə malik bütün insanlar tərk edirlər. Nəhayət, həm də əgər müharibə şəraiti formalaşarsa, onları oda salsınlar.

Mən qəti deyə bilərəm ki, Livanda yaşayan ermənilər çox praqmatik və rasional düşünən insanlardır. Onlar Livanda yaxşı dövrlərdə hələ bank sektorunda çox geniş təmsil olunmuşdular və onların sərmayələri də var, sosial vəziyyətləri az-çox normaldır.  Bu insanlar əgər Livanı tərk edəcəklərsə, onlar heç vaxt Qarabağ bölgəsinə gəlməyəcəklər. İlk növbədə, ona görə ki, bu prinsip əsasında Nikol Paşinyan çalışır qeyri-qanuni köçü legitim formaya salsın. Nəhayət, digər tərəfdən də o insanlar bir gərginlikdən çıxıb digərinə qatılmağı heç ağıllarında belə saxlamırlar". 

Politoloq qeyd edib ki, Ermənistanın bu "köç siyasəti" çox perspektivi olmayan, mənfur və fiasko siyasətdir:

"Bu gördüyümüz faşizm ideologiyasıdır ki, ermənilər yeni nəsilləri də Azərbaycanla və Türkiyə ilə mütləq müharibə vəziyyətində yaşamağa kökləyirlər ki, Azərbaycan və Türkiyə ilə daim savaşsınlar və bununla da guya, özlərini ifadə etsinlər. Bu, indi heç kəsə lazım olmayan bir təşəbbüskarlıqdır. Bu baxımdan da əminəm ki, necə ki, Suriya ermənilərini Nikol Paşinyana qədər Serj Sarkisyan çalışırdı Ermənistana gətirsin və onların əli ilə o qaynar sobadan "şabalıdları" çıxartsın. O, bunu edə bilmədi. 5-10 ailə gəldi, gələnlərin çoxu sonra üçüncü ölkələrə baş götürüb getdi.

Bir-iki terrorist ünsür-münsür, onlar qaldılar. İndi də yaddan çıxarmayaq ki, Livanda ASALA terror təşkilatının hələ qərargah mənzili orada yerləşir. Monte Melkonyan özü baxmayaraq ki, Amerika vətəndaşı idi, o, Livan əsilli erməni idi. Yəni, o tipdə olan mənfur anti-qəhrəmanlar qala bilərlər. Ancaq onların da axırı yoxdur. Çünki Ermənistanın, ümumiyyətlə, heç bir şansı Azərbaycanla qarşıdurmada sezilmir. Necə ki, 2014-cü ilin avqustunda, 2016-cı ilin aprelində və Tovuz hadisələrində biz Ermənistan ordusunun biabırçıcasına məğlub olmasının şahidi olmuşduq, onların bu dəsti-xətti yenə heç bir nəticə verməyəcək. Çünki Azərbaycan artıq tam hazırlıq şəraitindədir ki, əgər müharibə başlasa, bütün məsələlərin hamısını özü-özlüyündə həll etsin. Düzdür, bizim Türkyə kimi tərəfdaşlarımız var. Ancaq onların köməyi bizim üçün bir o qədər də starteji əhəmiyyətə malik deyil. Nə barədə? Bəli, biz hərbi-siyasi əməkdaşlıqda maraqlıyıq, amma Qarabağ torpağını biz özümüz azad edəcəyik. Heç kəs bizim əvəzimizə gəlib orada vuruşmayacaq.

Bunu biz gözəl başa düşürük, ölkə rəhbəri Prezident İlham Əliyev də bunu çox gözəl başa düşür və ona görə də mütəmadi olaraq son vaxtlar cəmiyyətlə arasıkəsilməyən dialoq aparır. Bütün açılış mərasimlərində, tədbirlərdə, o, mütləq şəkildə Qarabağ probleminə toxunur, bizi agah edir, cəmiyyəti məlumatlandırır və bildirir ki, bizim hazırlığımız günün tələbləri səviyyəsində olsa, bizim qarşımızda heç bir maneə olmayacaq. Ona görə də Ermənistanın bu "köç siyasəti" çox perespektivi olmayan, mənfur və fiasko siyasətdir".

Təhməz Əsədov Son.az