Azərbaycanda iki bacı ilə evlənən keçmiş məhkumların sensasion planı


Kriminal 23 Avq 2020 15:48:00 194 0

Azərbaycanda iki bacı ilə evlənən keçmiş məhkumların sensasion planı

Azərbaycanda həbsxanadan çıxan iki dost iki bacının başına ağla gəlməyəcək oyunlar açıblar. Əvvəlcə onlarla ailə həyatı qurublar. Sonra isə müxtəlif bəhanələr və yalanlarla onların külli miqdarda pulunu ələ keçiriblər. Oxuduqca inandırıcı gəlmir, sanki hansısa bir rejissorun sensasiya xətrinə yazdığı ssenaridir. Lakin hadisə tamamilə realdır...

Son.az musavat.com-a istinadən bildirir ki, söhbət Elçin Fətəliyev və Nizami Səfiyevin əməllərindən gedir.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1972-ci il təvəllüdlü Elçin Fətəliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsində 7 il 6 ay, 1963-cü il təvəllüdlü Nizami Səfiyev isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə daha əvvəl məhkumluq həyatı yaşamış Elçin Fətəliyev özünü Bənövşə Əliyevaya subay kimi təqdim edərək onunla tanış olub.

İstintaq orqanı belə qənaətə gəlib ki, Elçin Fətəliyev Bənövşə Əliyevanın Masallı şəhərində qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğunu, subay olduğunu bilib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə onun külli miqdarda əmlakını ələ keçirmək qərarına gəlib.

Bu məqsədlə Bənövşə Əliyevaya evlilik təklif edib. 2009-cu ildə keçirilmiş toy məclisindən sonra Elçin Fətəliyev arvadı Bənövşə Əliyevadan müxtəlif məbləğlərdə pul alıb.

Qeyd edək ki, bu toya qədər Elçin Fətəliyev evli olub, himayəsində də azyaşlı övladı var imiş.

Elçin Fətəliyev planının ilk mərhələsini keçdikdən sonra Bənövşə Əliyevadan pul almağa başlayıb. İlk olaraq 2009-cu ilin avqust ayında Bənövşə Əliyevadan 30 min manat alıb. Səbəb kimi də deyib ki, Gəncədə qəza törədib və məsuliyyətə cəlb edilməməsi üçün lazımdır.

Araşdırmalar zamanı o da məlum olub ki, Elçin Fətəliyev rəsmi arvadını Bənövşə Əliyevaya öz bacısı kimi təqdim edib. Buradan da belə qənaətə gəlmək olur ki, Elçinin ilk arvadının da bu plandan xəbəri var imiş.

2009-cu ilin noyabr ayında Elçin Fətəliyev B.Əliyevadan 4500 manat pul alıb. Səbəb kimi isə göstərib ki, bacısı kimi təqdim etdiyi birinci arvadının adına olan maşını Bənövşə Əliyevanın adına rəsmiləşdirəcəkmiş.

E.Fətəliyev 2010-cu ilin fevral ayında isə B.Əliyevadan 17 min manat alıb. Bu zaman isə avtomobil ehtiyat hissələri və qızıl-zinət əşyalarının satışı ilə məşğul olacağını deyib.

İttihamda göstərilir ki, Elçin Fətəliyev 2010-cu ilin avqust ayında Bənövşəni aldadıb ki, guya saxta şəxsiyyət vəsiqəsi düzəltdiyi üçün saxlanılıb. Bu işi "həll etmək" üçün ona 30 min manat lazımdır. B.Əliyeva bu yalana da inanıb.

Yalanlar bununla da bitməyib. Elçin Fətəliyev 2012-ci ildə Bənövşə Əliyevadan 4 min manat alıb ki, guya İrana müalicəyə gedir.

E.Fətəliyev hətta övladları olmamasından istifadə edərək Bənövşə Əliyevaya qarşı dələduzluq edib. Bənövşə Əliyevaya deyib ki, İrandan həkim gəlib və süni mayalanma üçün 5 min manat lazımdır. Bu məbləği də alan Elçin Fətəliyev şəxsi ehtiyaclarına xərcləyib.

İttihamda yazılır ki, Elçin Fətəliyev 2013-cü ildə özünə maşın almaq adı ilə Bənövşə Əliyevadan 21 min manat alıb.