Alimlər: onlar COVID19a yoluxma riskinə daha çox məruz qalır


Digərləri 12 Avq 2020 23:05:00 207 0

Alimlər: onlar COVID19a yoluxma riskinə daha çox məruz qalır

COVID-19 üçün ölkə sərhədlərinin və ya əhalinin sosial təbəqələrinin fərqi yoxdur, lakin əlverişsiz mühitdə onun yayılma riski daha yüksək olur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Hordi Qol Universiteti nəzdindəki Elmi-Tədqiqat ilkin tibbi yardım institutunun və Del Mar Xəstəxanasının mütəxəssisləri Barselonada virusa yoluxma riskini təhlil edərək bu qənaətə gəliblər. Sakinlərinin gəlir səviyyəsi ən aşağı olan Nou Barris Biç kimi rayonlarda COVID-19 daha geniş yayılıb. Burada xəstələnənlərin sayı Sarriya-San-Jelvasi kimi varlı məhəllələrlə müqayisədə təqribən 3 dəfə yüksəkdir. Rəyi soruşulmuş ekspertlərin fikrincə, bu yüksək fərq məişət şəraiti, işlə təmin olunma və sosial münasibətlər kimi amillərlə bağlıdır.

Alimlər pandemiyanın ən ağır dövrü - fevralın 26-dan aprelin 19-dək olan günlər üzrə məlumatları təhlil ediblər. Kataloniyanın paytaxtında COVID-19-a yoluxma göstəricisi hər 10 min sakin üçün 49,24 hadisə olduğu halda, virusun şəhərdə yayılması eyni olmayıb. Sakinlərin gəlir səviyyəsi daha yüksək olan rayonlarda xəstələnmə halları az olub.

Ekspertlər bir fikirlə razılaşırlar ki, virusun davranışını proqnozlaşdırmaq mümkün deyil və o, varlı ilə yoxsul arasında fərq qoymur. Bununla belə, ətraf mühit və sosial-iqtisadi şərait virusa yoluxma riskinin çox və ya az olmasına təsir göstərir. Ən yoxsul insanlar arasında əvvəlki patologiyaların çox olması həmin insanların COVID-19-a yoluxma nəticəsində daha ciddi fəsadlara meyilli olması ehtimalını artırır.

Alimlər yoluxma riskinə ən çox məruz qalmış əhali təbəqələrinin sanitariya savadını artırmağa çalışır, hakimiyyət orqanlarını bu qeyri-bərabərliyi azaltmaq üçün səy göstərməyə çağırırlar.